
Əli Məsimli bildirib ki, ”koronavirus pandemiyası, onun ətrafında gedən proseslər və törətdiyi fəsadlar nəticəsində yaranan tənəzzüldən sonra, Azərbaycan iqtisadiyyatı resessiyadan çıxmağa başlayıb. Əgər 2020-ci ildə ümumi daxili məhsul istehsalında 4,3 faiz, 2021-ci ilin yanvar-fevral aylarında 3,2 faizlik enmə var idisə, 2021-ci ilin yanvar-may aylarında 0,8 faiz artım olub. Böyük ehtimalla bu ilin ikinci yarısanda iqtisadiyyatımızın bərpa prosesi sürətlənəcək. Lakin tənəzzülün dayanması fonunda iki məqam diqqəti daha çox cəlb edir və həm də cəmiyyəti çox narahat edir: Birincisi, əhalinin xeyli hissəsinin gəlirləri azalıb. İkincisi, əhalinin gəlirlərinin azaldığı bir şəraitdə qiymətlər artmaqda, inflyasiyasıya sürətlənməkdə davam edir. Xüsusən də istehlak səbətinə daxil olan, əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətləri daha sürətlə artır. Belə ki, rəsmi statistikaya görə, bu ilin ilk 5 ayının nəticələrinə əsasən əhalinin hər nəfərinə düşən nominal gəlirlərin 1,3 faiz aşağı düşməsi fonunda istehlak bazarında qiymətlərdə ilin əvvəlindən başlayan artımın davam edib və yanvar-may aylarının yekununa əsasən, məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 4,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil edib. Əli Məsimli hesab edir ki, “əslində əhalinin xeyli hissəsinin gəlirləri rəsmən göstərildiyindən daha çox aşağı düşüb. Çünki pamdemiyaya qədər muzdla işləyənlər ölkədə məşğul əhalinin cəmi üçdə birini təşkil edirdi və ölkədə ev təsərrüfatlarının gəlirlərinin 70 faizə yaxınının qeyri-əmək haqqı gəlirləri hesabına formalaşırdı. Belə şəraitdə koronavirus pandemiyası, onun ətrafında gedən proseslər və törətdiyi fəsadlar nəticəsində əvvəllər kölgə iqtisadiyyatı da daxil olmaqla müəyyən sahələrdə çalışıb müəyyən qədər gəlir əldə edən əhalinin xeyli hissəsi gəlirlərini tam və ya qismən itirib. Əli Məsimli əlavə edib ki, “qiymətlər də, xüsusən də əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətləri göstərildiyindən daha çox artıb. Nəticədə əhalinin xeyli hissəsinin alıcılıq qabillyyəti aşağı düşüb və güzəranı pisləşib.”