Xaçmazda 10 yaşayış məntəqəsinin yolu yenidən qurulur - VİDEO/FOTOLAR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xaçmaz rayonundakı Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 20-ci kilometrindən ayrılan Hülövlü-Sərkərli-Alıcqışlaq-Qədimalıqışlaq-Rəhimova avtomobil yolunu yenidən qurur.

Gununsesi.info xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

HTML tutorial

Məlumata görə, ümumi uzunluğu 30 kilometr təşkil edən yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.

Torpaq işlər bitəndən sonra yeni asfalt-beton örtüyün döşənməsi işlərinə başlanılıb. Artıq yolun 10 kilometrlik hissəsində asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb.

Sonda yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Təmir-tikinti işlərindən sonra isə 10 yaşayış məntəqəsinin əhalisi tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edəcək.