Azərbaycanda bankların bu ilin ilk yarımilinə aid göstəriciləri açıqlanıb. Mərkəzi Bankın məlumatına görə, hazırda ölkənin bank sektorunun toplam aktivləri 41 milyard 920 milyon manatdır. Sektorun öhdəlik həcmi 36 milyard 774 milyon manat civarındadır. Bu o deməkdir ki, ilin əvvəlindən bəri bank sektorunun aktivləri 3 milyard 458 milyon manat (9 faiz), öhdəlikləri 3 milyard 282 milyon manat (9.8 faiz) artıb.
Hazırda Azərbaycan banklarının toplam kredit portfeli 18 milyard 320 milyon manatdır. Ölkə banklarının kredit portfelinin 57 faizi biznes kreditlərindən (10.5 milyard manat), 28 faizi (5.2 milyard manat) istehlak kreditlərindən ibarətdir. Portfelin daha 15 faizi (2.6 milyard manat) ipoteka kreditləridir.
Kredit portfeli ilin əvvəli ilə müqayisədə 10 faiz artıb. Ötən ilin eyni dövrünə nəzərən 3 milyard 463 milyon manat artım olub. Başqa sözlərlə, son bir ildə bank sektorunun kredit portfeli 25 faizə yaxın, əhaliyə verilən istehlak kreditlərinin həcmi 32 faiz, biznes kreditlərinn həcmi 20 faiz, ipoteka kreditlərinin həcmi 21 faiz artıb.
Əhalinin istehlak kreditləri ilə yanaşı, kredit kartlarındakı artım da gözə çarpır. İndi Azərbaycanda 1 milyon 551 min kredit kartı var.
İlin əvvəlindən bəri ölkədəki kredit kartlarının sayında 140 min civarında artım gözə dəyir. Son bir ildəki artımsa daha yüksəkdir – 350 minə yaxındır.
Hazırda Azərbaycandakı bütün kartların 12.6 faizi kredit kartlarıdır. Ötən il bu göstərici 11.9 faiz olub. Kredit kartlarının dövriyyəsindəki artım da diqqət çəkir. Məsələn, bu ilin iyununda həmin kartlarla 333 milyon manat xərclənib. İlin əvvəlində həmin rəqəm 259 milyon manat idi.
Son dövrlər bütövlükdə kart sayında artım dinamikası sürətlənib. Hazırda ölkədə 12 milyon 244 min bank kartı var. Təkcə son altı ay ərzində ölkədəki bank kartlarının sayı 1 milyon ədəd çoxalıb.
Gununsesi.info