ÜST-dən meymunçiçəyi ilə bağlı XƏBƏRDARLIQ

Qlobal miqyasda meymunçiçəyinə yoluxma hallarının artdığını deyən Ümumdünya Səhiyyə Təşkilatı son verdiyi bəyanatda cinsi partnyorların sayının məhdudlaşdırılmasını tövsiyə edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus dünənki brifinqdə danışıb. O, bildirib ki, infeksiyadan qorunmağın ən yaxşı yolu təmas riskini azaltmaqdır.

“Hazırda cinsi partnyorların sayını azaltmağı düşünməli, yeni partnyorlarla cinsi əlaqəni yenidən nəzərdən keçirməli və lazım gələrsə, partnyonuzunun əlaqə məlumatlarını paylaşmalısınız”, – baş direktor qeyd edib.

Gey kişilər arasında meymunçiçəyi virusunun artdığını vurğulayan Qebreyesus onlara da xəbərdarlıq edib.

Qərbi və mərkəzi Afrikada meydana çıxan meymunçiçəyi endemik və yüngül viral infeksiya kimi tanınır. Bu virus əsasən yaxın təmas yolu ilə ötürülür və son epidemiyaya qədər dünyanın digər yerlərində nadir hallarda müşahidə edilirdi. Virusun qızdırma, yorğunluq və dəridə səpgilər kimi simptomları bir neçə həftə ərzində təsirini itirir. Son epidemiyada həyatını itirən 5 nəfərin hamısı Afrika qitəsində yaşayan insanlardır.

ÜST sürətlə yayılan meymunçiçəyi virusunu dünya miqyasında fövqəladə vəziyyət elan etdikdən sonra Avropa Komissiyası virusa qarşı hazırlanmış “Imvanex” peyvəndinin satışına icazə verib.

Gununsesi.info