
2016-cı ilin 15 iyulu… Türk xalqı bütün dini, siyasi inanc və təbəqəsindən asılı olmayaraq dövlət çevrilişinə cəhdi dəf edə bildi.
Həmin gün bir qrup hərbçi prezident Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən salmağa cəhd etmiş, Ankara və İstanbulda dövlət idarələrini, körpüləri ələ keçirməyə çalışmışdı.
Ərdoğanın tərəfdarları küçələrə axışandan sonra qarşıdurmada 250-dən çox adam ölmüşdü.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) həmin çevriliş cəhdinə görə hazırda Amerika Birləşmiş Ştatlarında mühacirətdə olan ilahiyyatçı Fətullah Gülən və onun tərəfdarlarını ittiham edir.
Türkiyə hakimiyyəti Fətullah Gülən tərəfdarlarını “FETO terror təşkilatı” adlandırır.
Çevrilişə cəhd necə başladı?
Hələ 2002-ci ildə demokratik seçkilərlə iqtidara gələn AKP Avropa Birliyi və ABŞ ilə sıx əlaqələr quraraq, önəmli islahatlar keçirirdi. Bunu edərkən də fərqli düşüncə tərzinə sahib siyasətçiləri hökumətdə cəmləşdirirdi.
Türk Silahlı Qüvvələrində yer alan bəzi hərbçilər bu gedişatdan narazı idi. Daha sonra ordunun işindəki zabitlərin “Balyoz”, “Ergenekon” və s. çevriliş planlarının üstü açıldı. O zamanlar özü Amerikada yaşayan və dünyanın bir çox ölkəsində təhsil mərkəzləri olan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları da hökumət içində yer alırdı. Gülən şəbəkəsi polis, ordu, məhkəmə, təhsil, universitet və s. Sahələrə öz adamlarını yerləşdirirdi. Bu təşkilat İslami fikirləri müdafiə adı altında türk xalqının rəğbətini qazanaraq, ABŞ və İsrail kimi ölkələrlə əməkdaşlığı xüsusi dəstəkləyirdi. Türkiyə Cümhuriyyəti 2002-2010-cu illəri arasında Gülən şəbəkəsinin bütün dövlət qurumlarına yerləşdiyi bir dövrü yaşadı. Lakin AKP lideri Rəcəb Tayyib Ərdoğan birgə yola çıxdığı Fətullah Gülənin dövlət içərisində nə dərəcə gücləndiyini gördüyü üçün onu “oyun”dan uzaqlaşdırmağa çalışdı və buna nail oldu.
Fətullah Gülən vəziyyətin belə olduğunu görüb hərəkətə keçdi. 17-25 dekabr 2011-ci il tarixlərində Fətullah Gülən şəbəkəsi Ərdoğan və ailəsinə qarşı sivil çevriliş etməyə cəhd etdi, lakin bacara bilmədi.
Rəcəb Tayyib Ərdoğan isə FETÖ qruplaşmasını dövlət və özəl qurumlardan uzaqlaşdıraraq, iqtisadi güclərini yox etməyə başladı.
Ancaq dövlət içərisində böyük güc qazanmış bu adamlar özlərini elə gizlədirdilər ki, onların kimlər olduğunu təsbit etmək olduqca çətin idi. Bundan başqa, ABŞ-da yaşayan liderlərindən aldıqları əmrlərlə Türkiyə dövləti əleyhinə olan bütün ölkələr və insanlarla əməkdaşlıq edirdilər. Bu təşkilatın fəaliyyəti həm Mərkəzi Asiya, həm də Rusiyada çoxdan qadağan edilmiş və məktəblərinə də əl qoyulmuşdu. Gülən şəbəkəsi üzvlərinin məhkəmə, polis və digər təşkilatlardakı nüfuzlu tərəfdarları tədricən işdən qovulurdular.
Baş verənlər Fətullah Güləni və lideri olduğu şəbəkəni çox narahat etməyə başlamışdı. Vəziyyətin belə gedə bilməyəcəyini görən Fətullah Gülən Türkiyə Silahlı Qüvvələri içərisindəki əlaltılarını işə saldı.
Beləliklə 15 iyul 2016-cı ildə gecə saat 22.30 radələrində hərəkətə keçən çevrilişçilər həm ordudan, həm də polis qüvvələrindən dəstək almağı bacardılar.
Lakin Türkiyə Silahlı Qüvvələrinin əsas komandirləri və Baş Qərargah rəisi çevrilişçilər yanında yer almadı. Belə demək mümkündürsə, 1960-cı ildə polkovniklərin reallaşdırdığı hərbi çevrilişə oxşar cəhd bu dəfə baş tutmadı.
Bu ərəfədə özəl telekanala canlı bağlanan baş nazir Binəli Yıldırım ölkədə çevrilişə cəhd olduğunu, ancaq bunu qəbul etməyəcəklərini bəyan etdi. Mərmərədə bir oteldə tətildə olan Ərdoğan isə TV proqramına telefonla bağlanaraq, xalqı rəhbərliyə sahib çıxmağa çağırdı. Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar səhərə qədər Akıncı hərbi bazasında əsir saxlanıldı.
Telekanalların canlı yayımlarına bağlanan ordu generalları hərbi çevriliş cəhdini dəstəkləmədiklərini bəyan etdilər. Bundan əlavə, başda CHP və MHP olmaqla siyasi partiyalar da hökumətin yanında olduqlarını bildirdilər. Parlament növbədənkənar iclas keçirdi. Bu çağırışlardan sonra ölkənin hər yerində xalq küçələrə çıxaraq, tankların keçidinə maneə törətdi.
Çevrilişçilər xalqı qorxutmaq üçün həm Prezident iqamətgahına, həm Baş Qərargah binası ətrafına, həm də elə xalqın özünə atəş açdılar. Bununla da kifayətlənməyərək, Böyük Millət Məclisini bombaladılar. Bundan öncə isə özlərinə qarşı heç kim silah çəkməsin deyə, xüsusi təyinatlı polis mərkəzini bombalayaraq 40 polisi şəhid etdilər.
Gecə saat 02.30 radələrində ordununun içərisindəki çevrilişi dəstəkləməyən qüvvələr havaya qalxaraq, xalqı bombalayan qırıcı və helikopterləri zərərsizləşdirdi.
Gecə yarıdan etibarən çevrilişçilər məğlub olduqlarını anladılar və səhər saatlarından etibarən təslim olmağa başladılar.
Hadisələr zamanı Türkiyədə 265 nəfər öldü, 2839 nəfər yaralandı.
Türkiyə Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, həmin hadisələrdən sonra keçirilən reydlər zamanı Fıtullah Gülənlə əlbir olmaqda şübhəli bilinən 290 mindən çox adam saxlanıb, onlardan təxminən 100 mini həbs edilib.
Bu gün də davam edən məhkəmələrdə onlarla general və digər hərbçilər ya ömürlük müddətə, ya da 20 ilə qədər həbs cəzaları alırlar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi çevriliş cəhdinin arxasında Fətullah Gülənin olmasını dəfələrlə vurğulayıb.
Lakin Fətullah Gülən iddia edir ki, hərbi çevriliş cəhdi Rəcəb Tayyib Ərdoğanın qurduğu oyundur və o, bununla hakimiyyətini daha da gücləndirib.
Qeyd edək ki, Türkiyədə 1962, 1963, 1969 və 1971-ci illərdə də hərbi çevriliş cəhdləri olub.
Gununsesi.info