Turizm Şuşa iqtisadiyyatında xüsusi yer tutacaq - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. Azərbaycanın mədəniyyət paytaxtı yenidən qurulur və bərpa olunur. Qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarında Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ 1 əsr öncə xüsusi iqtisadi potensiala malik olduğunu göstərir: “1992-ci ildə, Şuşa işğal olunmamışdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı “Radioqurma” istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi”.

V.Bayramovun sözlərinə görə, turizm Şuşa iqtisadiyyatında xüsusi yer tutacaq: “Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Həyat Şuşaya qayıdır. Əbədi yaşa, Şuşa!”

Gununsesi.info