
Tanınmış müxalifət lideri Tofiq Yaqublu onun özünün özünə xəsarət yetirməsi nəticəsinə gələn prokurorluğun qərarından məhkəməyə şikayət verib. O, Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunmasını istəyir.
Yaqublunun şikayətinə fevralın 10-da Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev baxacaq.
Siyasi fəal şikayətində bildirib ki, prokurorluğun qərarı qanunsuz və əsassızdır. Onun sözlərinə görə, obyektiv və hərtərəfli araşdırma aparılmadan, siyasi sifariş əsasında onun özünə xəsarət yetirməsi haqda absurd qərar çıxarılıb.
Yaqublu vurğulayıb ki, ona işgəncə verildiyini təsdiqləyən obyektiv sübutlar polis bölməsinin içində, eləcə də qarşısında olan kameraların qeydə aldığı görüntülər idi. Vəkili prokurorluğa həmin görüntülərin alınıb araşdırılması barədə vəsatət vermişdi. Prokurorluq vəsatəti təmin edərək Daxili İşlər Nazirliyinə görüntüləri almaqdan ötrü sorğu göndərsə də, son nəticədə alınmayıb. Nazirliyin Növbətçi Hissələri İdarəetmə Xidmətindən cavab gəlib ki, “”Təhlükəsiz şəhər” Xidməti və 39-cu bölmənin giriş-çıxışındakı kameraların görüntülərinin təqdim edilməsi texniki imkanlar xaricindədir”.
Yaqublu hesab edir ki, bu cavabın özü onun işgəncəyə məruz qaldığını təsdiqləyən dəlillərin sıradan çıxarılmasının sübutudur.
Səbail Rayon Prokurorluğu Yaqublunun şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. Prokurorluq belə nəticəyə gəlib ki, onun döyülməsində cinayət tərkibi yoxdur.
Gununsesi.info