TƏBİB 2023-cü ilin yekunlarına dair müşavirə keçirdi - FOTOLAR

Dekabrın 14-də Respublika Perinatal Mərkəzində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə “2023-cü ilin yekunlarına və qarşıda duran məsələlərə dair” müşavirə keçirilib. 

 

Gununsesi.info xəbər verir ki, müşavirədə TƏBİB-in İcraçı direktorunun müavin və müşavirləri, struktur bölmə rəhbərləri, tabelikdə olan tibb müəssisələrinin direktorları və inzibati işlər üzrə müavinləri iştirak ediblər.

 

Vüqar Qurbanov müşavirə iştirakçılarını salamlayaraq, 2023-cü il ərzində görülən işlərdən söz açıb. O, xəstəxanalarda yeni şöbələrin yaradılmasının, laboratoriyaların yenidən qurulmasının, regionlarda tibbi xidmətin çeşidinin artırılmasının vətəndaş məmnunluğunun artırılması istiqamətində mühüm rol oynadığını qeyd edərək, ümumilikdə görüləcək işlərin çox olduğunu da diqqətə çatdırıb:

 

“Növbəti ildə qarşımızda böyük vəzifələr var. Bu vəzifələrin öhdəsindən gəlmək üçün hər biriniz ilk növbədə xəstəxana idarəetməsinə, əlçatan, keyfiyyətli tibbi xidmətlərin təşkilinə, pasiyent məmnunluğuna və təhlükəsizliyinə diqqəti daha da artırmalısınız. Vətəndaş qəbuluna, xəstəxanada növbəliliyin tənzimlənməsinə, şəhid ailələri və müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşılmalıdır. Bu gün qarşıya çıxan problemlər və onların həlli yollarının müzakirəsi bizə növbəti ildə yeni hədəflərə çatmağımıza töhfə verəcəkdir”.

 

Daha sonra tibbi xidmətlər sahəsində həyata keçirilən işlər, çatışmazlıqlar və qarşıdakı illərdə nəzərdə tutulmuş tədbirlər barədə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov məlumat verib:

 

“Ötən 11 ay ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsində, tibbi xidmətlərin inkişafı  istiqamətlərdə ardıcıl işlər görülüb. İlkin səhiyyə xidmətinin təşkili istiqamətində yeni tibb məntəqələri istifadəyə verilib. Xidmətin restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görülüb. Tibb müəssisələrində yeni xidmət növləri yaradılıb, yeni şöbələr fəaliyyətə başlayıb. Mərkəzdən periferiyaya doğru xidmətin keyfiyyətinin və əlçatanlılığının təmin edilməsi prinsipi ilə regionların çoxprofilli xəstəxanalarında ixtisaslı xidmət sahələri təkmilləşdirilib. Lakin ilkin səhiyyə, həm ikincili, həm də üçüncülü xidmət mərhələlərində tibb müəssisələrində istər tibbi və qeyri-tibbi personalın fəaliyyətində, istərsə də digər sahələrdə fəaliyyəti daha da təkmilləşdirməyə ehtiyac var ki, 2024-cü ildə bu istiqamətdə daha sistemli çalışacağıq”.

Tibb müəssisələrinin təminatı, beynəlxalq əməkdaşlıq barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov məruzə edib:

 

“Maliyyə resurslarının önəmli hissəsi dərman və tibbi sərfiyyata ayrılır. Beynəlxalq təşkilatlar və xarici ölkələrlə aparılan əməkdaşlıq çərçivəsində də cari ildə tibb müəssisələrinə tibbi avadanlıqlar və vasitələr ianə edilib. Məqsədimiz bu vasitələri vətəndaşlar üçün daha da əlçatan etməkdir. Bundan əlavə, tibb müəssisələrində mütəmadi monitorinqlər aparılır, aşkarlanan problemləri vaxtında aradan qaldırmağa çalışırıq. Sevindirici haldır ki, müəssisələr aşkarlanan nöqsanların aradan qaldırılmasına ciddi yanaşırlar və ötən müddət ərzində bunun sayəsində müsbət nəticələr əldə edə bilmişik”.

Daha sonra müəssisə rəhbərləri cari illər ərzində görülən işlərlə bağlı məruzə ediblər.

Məruzələrin yekununda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov çıxış edərək aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Müşavirə müzakirələr əsnasında meydana çıxan məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.