
Avropa İttifaqının prezidenti Şarl Mişel 2-ci Krım Platforması Sammitində çıxış edib.
Avropa İttifaqından Gununsesi.info-ya daxil olan çıxışın tərcüməsini təqdim edirik:
Hörmətli prezident Zelenski, əziz dostlar, zati-aliləri.
“Krım Ukraynadır!”
Keçən il Kiyevdə ilk Krım Platformasında iştirak edəndə sizə çatdırmaq imkanım olan eyni, aydın mesajla başlayıram.
Əziz Volodimir!
Avropa İttifaqı Krımın və Sevastopolun qanunsuz ilhaqını tanımır və tanımayacaq. Rusiyanın Ukraynaya təcavüzü fevralın 24-də başlamadı; 2014-cü ildə Krımın qanunsuz ilhaqı ilə başladı.
Bu, Rusiyanın ölkənizə, xalqınıza qarşı təcavüzkar və qanunsuz hərəkətlərinin başlanğıcı oldu. Bu müharibə milyonlarla ukraynalı ailə üçün ağlasığmaz iztirablara səbəb olub. Fevral ayından isə Rusiya Krımdan Ukraynanın digər hissələrini cənubdan işğal etmək və Ukraynaya fərq qoymadan raket zərbələri endirmək üçün strateji tramplin kimi istifadə edib. Rusiya,həmçinin yarımadadan Ukrayna vətəndaşlarını işgəncə və zorakılıq hallarının qeydə alındığı bədnam filtrasiya düşərgələrinə deportasiya etmək üçün tranzit məntəqəsi kimi istifadə edir.
Hörmətli ukraynalı dostlar və qardaşlar!
İcazə verin, bir daha yüksək səslə və aydın şəkildə təkrar edirəm: Sizin gələcəyiniz Avropa İttifaqının daxilindədir və cəsarətiniz hamımız üçün nümunədir.
Hörmətli Anjey Duda, mən də eyni yuxu görürəm. Ümid edirəm ki, mənim də sizinlə, Volodimir, Krıma səfər etmək imkanım olacaq.
Aİ bu dramatik vaxtlarda sizin yanınızdadır və biz nə qədər lazımdırsa, orada qalacağıq. Mən dünyanın bütün ölkələrini Rusiyanın qanunsuz hərəkətlərini açıq şəkildə pisləməyə çağırıram. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam ərazi bütövlüyü bərpa edilməlidir.
Krım Ukraynadır.
Bizə arxalana bilərsiniz.
Gülnar Məmmədli
Gununsesi.info