Sağlam adamı şikəst edən həkim məhkəmədən yayındı

  • By admin
  • 04 Mart 2022 20:28

 

Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun həkim səhlənkarlığı nəticəsində ölümlə üzləşməsi və möcüzə nəticəsində sağlamlıq məhdudiyyəti ilə həyatda qalması problemi ictimaiyyətə məlumdur.

Zərərçəkən Anar Gözəlovun nümayəndəsi qismində çıxış edən Günel Gözəlovanın qaldırdığı iddia əsasında cavabdeh olan uroloq Araz Bayramov ilə məhkəmə prosesi artıq 9 aya yaxındır ki, davam edir.

Bu gün Bakı  Apellyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə ilk iclas baş tutub.

Təxminən yarım saatdan çox davam edən məhkəmədə cavabdeh Araz Bayramovun vəkili Asif Mədətovun yetərincə dəlillərinin olmaması və hakimin tələb etdiyi sənədlərin çatışmazlığı səbəbilə məhkəmə gələn həftəyə təxirə salınıb.

Məhkəmədən sonra jurnalistlərə açıqlama.verən Günel Gözəlova apellyasiya instansiyasında ədalətə nail olacağına ümidini ifadə edib:

“Düzdür, vəkilim olmadan iştirak etsəm də, budəfəki məhkəmə iclası digərlərinə nisbətən ürəkaçandır. Növbəti mərhələdə nə olacağını bilmirəm. Amma deməliyəm ki, Məmməd Məmmədovun sədrliyi ilə keçirilən məhkəmədən sonra çox böyük ümidlərim yaranıb. Hakimin qarşı tərəfə verdiyi sualların heç birini bu gün artıq hakimlikdən alınmış, vaxtı ilə bizim məhkəmədə ədalətsiz və qanunu pozaraq qərar verən Vüqar Quliyev ünvanlamamışdı. Baxmayaraq ki, bu suallar çox sadə suallar idi. Ağlı başında olan hər kəs qərəzli deyilsə, sənədlərə baxıb, şikayətçini dinləyəndən sonra və nəhayət insandırsa həmin soruşulanları cavabdeh tərəfə ünvanlamalı idi. Məsələn, hakim Məmməd Məmmədov və tərkib üzvü Şeyda Məhərrəmova Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin ekspert rəyində olan …Lakin, əməliyyatdan öncə xəstəyə böyrək və sidik yollarının KT müayinəsi məqsədəuyğun olardı. Təqdim edilən tibbi sənədlərdə bu müayinənin nəticəsinə rast gəlinməmişdir. Əməliyyatdan əvvəlki dövrdə xəstədə şəkərli diabeti, arterial hipertenziyanı və hemoqramda olan bəzi dəyişiklikləri nəzərə alaraq endokrinoloqun, kardioloqun və hemotoloqun konsultasiyasının aparılması məqsədəuyğun olardı.Əməliyyatın planlı olmasını nəzərə alaraq əməliyyatyönlü hazırlıq daha geniş həcmdə və konsultantların tövsiyyələri nəzərə alınmaq şərti ilə aparılmalı idi…. qeydləri ilə bağlı suallar ünvanladılar cavabdeh tərəfin vəkili Asif Mədətova. Adam gülməli cavablar verirdi: “Bilirsiz necədir, təbii ki, bütün müayinələr aparılıb. Xəstə uzun müddət Araz Bayramovun müalicəsin alıb və əməliyyat öncəsi də hər şey olunub. Mənim qohumlarımdan da belə hadisələrdə ölənlər olub. Bu o demək deyil ki, cərrah günahkardır. Bir də ki, tələb olunanlar rəsmi protokola görə edilir, hamımız bilirik. Bunlara həmişə riayət olunmur ki deyib, gülməyə başladı. Bilirsiz Zeynəb xanım, ilk məhkəmədən cavabdeh tərəfin vəkili bizi məhkəmədə bacardığı qədər gülməli duruma salmağa çalışır. Təbii ki, gülməli vəziyyətə qalır sonda!”

İddiaçı Günel Gözəlova, həyat yoldaşının səhhətindəki indiki vəziyyəti də açıqlayıb:

“Anar bir illik çoxşaxəli müalicə və müxtəlif klinikalarda, ölkələrdə müalicələrin nəticəsi olaraq artıq sağalmağa doğru gedir. Ayaq üstədir, zatən Klinikadan çıxandan. Sadəcə insanları tanımadı uzun zaman, özünü düzgün idarə edə bilmirdi, artıq düzəlir. Loqoped-deffektoloq müalicəsi azı 2 il mütləq şəkildə olmalıdır, hətta İsraildən olan nevropotoloq prof. Veller (Horev Medical Center, Haifa, İsrail) bu müalicəni saxlasaq xəstənin geriləyəcəyini iddia etmişdi. Təbii ki, nitqindəki və anlamasındakı qüsurların tam bərpa olunmasını mümkünsüz sayır peşəkar nevropotoloqlar. Gecikmiş müalicələr olmasa bəlkə bu gün daha az qüsuru olardı. Sonuncu ötən həftə İatnbulda, Anadolu Xəstəxanasında olan müayinənin nəticəsi olaraq, əməliyyat vaxtı keçirdiyi ikitərəfli beyin insultu və subarxanoidal qanaxma səbəbindən nevropotoloqlar daim həyati riskinin olduğunu söylədilər”.

Xülasə, onu bildirməliyəm ki, məsələnin gedişatı ilə yaxından tanış olduğum üçün hər bir jurnalist kimi mənim də cavab tapmadığım suallar var. Cavabdeh şəxs Araz Bayramov iddia edir ki, xəstəsi Anar Gözəlovun müalicəsi üçün öz büdcəsindən 4000 manat pul xərcləyib. Bir çox bahalı preparatları öz hesabına aldığını deyib daha öncəki açıqlamalarında. Maraqlıdır, niyə? Günümüzdə heç bir həkimin etmədiyi bu yaxşılığı Araz Bayramova etməyi nə vadar edib? Bəlkə bu əməli ilə “günahlarını” yumağa, vicdanını təmizləməyə çalışırmış, cənab Bayramov?! Onun bu açıqlaması öz-özlüyündə həkimin günahkar olduğunu ifşa etmirmi, nə düşünürsünüz?!

Düzdür, bu sualı cavabdeh şəxs həkim-uroloq Araz Bayramova ünvanlamalı olsam da, məhkəmə zalının çıxışında ona rast gəlmədik. Vəkili isə qaçaraq yox oldu. Məsələyə tam məlumatlı olduğuma baxmayaraq mövzu ətrafında hələ də qaranlıq qalan məqamlar var. Ümid edək ki, bu sualların cavabını növbəti iclasda tapacağıq.

 

Gununsesi.info