
Qərb Rusiyaya qarşı növbəti sanksiyalar paketinə start verib. Belə ki, iyunun 18-də Rusiyaya qarşı yeddinci sanksiyalar paketi Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri tərəfindən razılaşdırılıb. Həmin sanksiyalar paketi bu gündən qüvvəyə minir.
Yeddinci sanksiyalar paketi üzrə məhdudiyyətlərə yeni ixrac nəzarəti və “Sberbank”ın aktivlərinin dondurulması, həmçinin Rusiya qızılına embarqo daxildir. 50-yə yaxın fiziki və hüquqi şəxs, o cümlədən siyasətçilər və hərbçilər sanksiyalara məruz qalacaq.
Qeyd edək ki, “Sberbank”ın Avropadakı aktivlərinin ümumi həcmi 2020-ci ilə olan mılumata görə, 12,6 milyard avro civarında olub. Sözügedən bank Şərqi və Mərkəzi Avropanın 8 ölkəsində 762 minə qədər müştəriyə maliyyə xidməti göstərir.
Məsələ barədə Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, qısa müddətli vədədə Rusiyaya qarşı nə qədər sanksiya tətbiq edilsə də, Kreml müharibəni dayandırmayacaq:
“Bu sanksiyalar yalnız orta və uzun müddətdə Rusiya iqtisadiyyatına böyük zərbələr vuracaq. Amma sanksiyaların sayı 7 deyil, 15 olsa belə, qarşıya qoyulan məqsədə qısa zamanda çatmaq mümkün deyil. Sanksiyaların qoyulmasına səbəb Rusiyanın müharibəni dayandırmasına, Ukraynadan geri çəkilməsinə nail olmaqdır. Amma bundan sonra sanksiyalar paketinin sayı 15-ə çatsa da, Kreml müharibəni dayandırmayacaq. Deməli, sanksiyalar göstərir ki, qısa müddətli hədəflərə çatmaq üçün sanksiyalar yetərli deyil”.
Ekspertə görə, əksinə, indiki dönəmdə sanksiyalardan qazanan elə Rusiyanın özüdür:
“Enerji daşıyıcılarının qiymətinin çox yüksək olması Rusiyanın digər sanksiyalardan itirdiklərini kompensasiya edir. Müharibədən öncəki il enerji daşıyıcıları satışından Rusiyanın gündəlik qazancı 300 milyon dollar idisə, hazırda bu qədər sanksiyalara rəğmən, gündəlik 800-900 milyon dollar qazanır. Deməli, Rusiyanın valyuta gəlirləri 2,5-3 dəfəyə qədər artıb”.
“Sberbank”ın aktivlərinin dondurulmasına gəldikdə, N. Cəfərli düşünür ki, bu addım elə ilk andan ciddi təsir göstərəcək:
“Həmin bankın əsasən Şərqi Avropa ölkələrində böyük aktivləri var. Onlar dondurulacaq. Belədə, “Sberbank” bir neçə milyard dollarını itirməli olacaq.
Ekspert qızıla qoyulan embarqonun isə Rusiyaya ciddi təsir edəcəyini düşünmür:
“Rusiyadan fiziki qızılın əsas alıcıları Hindistanla Çindir. Avropanın burada çəkisi azdır. Belədə, Avropanın həmin məhsula embarqo qoyması fonunda Rusiya onu Hindistanla Çinə satacaq”.
Gununsesi.info