Rusiya ilə açıq danışmağın zamanı gəldi

Biz uzun müddət geopolitik səbəblərdən Rusiyanın dəqiq işğalçı olduğunu deyə bilmədik. Dağlıq Qarabağın və ətraf rayonların bilavasitə Moskvanın əmri ilə Azərbaycandan qoparılıb separatçı rejimin idarəçiliyinə verilməsini söylmədik. Gürcüstan və Ukrayna əks yolu tutdu, Kremllə açıq düşmən oldu. Bu yolun adıçəkilən ölkələr üçün qazancı və itkiləri var, nisbət məncə Rusiyanın kontrolundan çıxmağın xeyrinədir.
Azərbaycana gəldikdə, Bakının yürütdüyü balans siyasəti ən azı Rusiyanın açıq hərbi təzyiqlərindən sığortalanmağa imkan verib. Biz 44 günlük müharibədə, xüsusən 9 noyabrda Rusiyanın əsl mahiyyətini yaxından gördük. Putin hakimiyyəti beynəlxalq hüququ saymayan bespredel qanqsterdir, ondan qorunmaq dövlətin milli maraqlarına xidmət edib. Çünki bilavasitə Rusiya ilə sərhədləri olan ölkə üçün başqa şans olmayıb. Əlbəttə, bu daxili problemlərə, xüsusən demokratiya, insan haqları, siyasi azadlıqlar sahəsində yaşanılan çətinliklərə bəraət vermir.
Rusiya fürsətdən istifadə edib Azərbaycana soxulub və ölkəmizin bir hissəsində hərbi baza, Moskvadan idarə olunan, Azərbaycana qarşı ağır hərbi cinayətlərə yol vermiş şəxslərlə birgə qurumlar yaradır, bu fəaliyyətini daha çox işğalçı Ermənistanla kontrol edir. Bir sözlə, bizim uzun illər qorxduğumuz hadisə başımıza gəlib. Daha doğrusu, Rusiya onu başımıza gətirib. Necə deyərlər, Məhəmməd dağa tərəf getmədi, dağ Məhəmmədə tərəfə gəldi. Nə qədər qaçsaq da ayının pəncəsindən qurtara bilmədik. Amma dünyanın axırı deyil.
Azərbaycan 44 günlük müharibədə böyük zəfər qazandı, güclü, qətiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Düşmənin 30 ildə yaratdığı mifləri darmadağın etdi, ona onillər ərzində özünə gəlməyə imkan verməyəcək zərbələr vurdu. Qazandığımız uğurun arxasında güclü milli birliyimiz, ondan mənəvi güc alan güclü ordumuz, qardaş Türkiyənin böyük mənəvi-siyasi dəstəyi durdu.
Məncə, biz Rus işğalını dayandırmaq və onun işğalçı fəaliyyətinə son vermək üçün bu birlikdən yola çıxmalıyıq. Əldə etdiklərimizi qoruyub saxlamalı və inkişaf etdirməliyik. Uzun illər Rusiya ilə açıq danışmamışdıq, artıq Kreml işğalçı hərəkətləri ilə bizə başqa şans qoymur. Biz dayanmadan Moskvanın Dağlıq Qarabağda etdiyi qanunsuzluqları sorğulamalıyıq, Gürcüstan, Ukrayna kimi işğalçını birbaşa hədəfə gətirməliyik. Cəmiyyətin anti-Rusiya ovqatını buxovlamağa çalışmamalı, əksinə, onu təşkilatlandırmalıyıq. Əks halda, Rusiya qısa müddətdə separatçıların tör-töküntülərini toplayıb bizə qarşı təhdid aləti kimi istifadə edəcək. Bizim daxili, xarici siyasətimizə burnunu soxacaq, bölgədə qalmaq üçün ona daim qan tökülməsi lazım olacaq. Başqa ölkələrin təcrübəsindən bunu bilirik, ona görə, yubanmaq çox təhlükəlidir.

Elçin Rüstəmli

Gununsesi.info