Qarabağa köçürüləcək təsərrüfatçılara güzəştlər  GÖZLƏNİLİR

“İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf etdirilməsi dövlətin başlıca məqsədlərindən biri kimi qarşıya qoyulub”.

Bunu Modern.az-a azad olunmuş ərazilərdə kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərə güzəştlərin edilməsi haqqında danışarkən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. O bildirib ki, gələcəkdə Qarabağa köçürüləcək təsərrüfatçılara müəyyən güzəştlər edilə bilər:

“Sözsüz ki, həmin ərazilərə qaytarılan sakinlərin əksəriyyəti birbaşa aqrar sahə ilə məşğul olan ailələr olacaq. Çünki əvvəllər bu torpaqlar kənd təsərrüfatı təyinatı üzrə istifadə olunub. Pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq və s. inkişaf etdirilib. Lakin 30 il ərzində bu torpaqlar öz münbitliyini itirib, baxımsızlıqdan bərbad hala düşüb, infrastruktur obyektləri dağıdılıb.

Hazırda dövlətimizin bu əraziləri dirçəltmək üçün planlaşdırdığı iri layihələri var. Bunlardan ən çox müzakirə olunan “ağıllı kənd”, “ağıllı şəhər”” layihələridir. Həmin konsepsiyanın içərisində “ağıllı təsərrüfat”ın yaradılması da diqqətdir. Ona görə, ərazilərimiz ilk növbədə tam əkinə yararlı hala salınacaq. Bundan sonra kənd təsərrüfatının inkişafı mümkün olacaq”.

Komitə sədri düşünür ki, Qarabağda aqrar sahənin dirçəldilməsi üçün insanların təsərrüfat sahəsində təcrübəsinin olması, müasir standartlara uyğun təsərrüfat obyektlərinin yerləşməsi də vacibdir:

“Azad olunmuş ərazilərimizə köçürüləcək sakinlərin qeyd etdiyim kimi bu sahədə təcrübəsi var. Kəlbəcər, Laçın kimi rayonlarımızda sovetlər dövründə heyvandarlıq, Ağdam və Füzulidə üzümçülük, pambıqçılıq, Cəbrayıl, Zəngilanda bağçılıq, tütünçülük mövcud olub. Ona görə, regionlarımızda böyük təsərrüfat müəssisələrinin yaradılacağı mütləqdir.

Bir neçə gün əvvəl açıqlandı ki, Zəngilan rayonunda 600 hektara yaxın torpaq əkinə yararlı hala salınacaq, 450 hektarda əkin həyata keçiriləcək. Yay aylarında fermerlər Kəlbəcərə öz sürülərini qaldırdılar, arıçılıq təsərrüfatları quruldu və s. Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar o ərazilərə getməyə maraqlıdır. Çünki həmin torpaqların potensialı güclüdür. Gələcəkdə Qarabağ və Şərqi Zəngəzur regionu ölkənin aqrar təsərrüfatına böyük fayda verəcək. Ölkənin aqrar məhsullara olan tələbatının ən azı 10-15 faizini həmin ərazilərdən təmin edə bilərik. Düşünürəm ki, artıq proses başladıqda məhsuldarlıq, istehsalın həcmi daha çox olacaq”.

Gununsesi.info