
Polisin Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərməsi barədə xəbər dünəndən sosial şəbəkələrdə ən çox tənqid olunan mövzuya çevrilib.
Qeyd edək ki, DİN bu gün məsələ ilə bağlı açıqlama verərək, fakta aydınlıq gətirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupu bildirib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib:
“Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edillib”.
Bəs şəhid İnqilab Qədirbəyli kimdir?
Gununsesi.info saytı ictimaiyyət tanısın deyə, şəhidin qısa tərcümeyi-halını təqdim edir:
İnqilab Tofiq oğlu Qədirbəyli 1995-ci ildə Salyan şəhərində dünyaya göz açıb. Salyan şəhər Aşıq Pənah adına 1 saylı tam orta məktəbi bitirəndən sonra Bakı Dənizçilik Akademiyasına daxil olub. Ali təhsilini başa vurandan sonra əsgərliyə gedib, 2016-2017-ci illərdə Füzulidə hərbi xidmət keçib.
Ordudan qayıdandan sonra ixtisasına uyğun iş tapa bilmədiyindən, gah kombi ustası olan atasına kömək edib, gah da digər sahələrdə çalışıb.
2020-ci ildə qismən səfərbərlik zamanı Vətən müharibəsinə gedib.
İşğal altındakı kənd və qəsəbələrin, rayon mərkəzlərinin azad olunması uğrunda gedən döyüşlərdə İnqilab da qəhrəmanlıqla vuruşub.
Təəssüf ki, Vətən savaşı qələbəmizlə bitən ərəfədə – 2020-ci il noyabrın 9-da Şuşada başından qəlpə yarası alaraq, şəhid olub.
Ölümündən sonra İnqilab Qədirbəyli “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Salyan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Gununsesi.info