
“Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.
Qeyd edək ki, bu gün Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Yayılan görüntülərdən aydın olur ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Səfir, əllərində Ermənistan bayraqları olan bir qrup adamın səfirliyin binasına basqın etməsini əks etdirən videogörüntüləri də yayıb.
Ötən gün aqressiv izdiham Azərbaycanın Beyrutdakı səfirliyinə də basqın etməyə cəhd edib. Sosial şəbəkələrdəki görüntülərə görə, Livan polisi çətinliklə onun qarşısını alırdı.
Bu gün Tbilisi polisi aqressiv ermənilərin Azərbaycanın Gürcüstandakı səfirliyinə yaxınlaşmasına imkan verməyib.
İki gün əvvəl radikal ermənilər Vaşinqtondakı Azərbaycan səfirliklərini mühasirəyə alıblar.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları ilə bağlı açıqlama yayıb.
Sənəddə deyilir:
Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur.
Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir.
Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.
Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.
Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.
Günay Təhməzova
Gununsesi.info