
Tanınmış sənətçi Nadir Qafarzadə cəbhə bölgəsində çəkdiyi foto və videoları sosial şəbəkələrdə yaydığı üçün Baş Prokurorluğa çağrılıb.
Bu qurumdan Gununsesi.info-ya daxil olan məlumatda qeyd olunur ki, qeyd edilənlərlə əlaqədar Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilmişdir. Eyni zamanda, bu növ hərəkətlərə yol vermiş digər şəxslərlə də profilaktik söhbətlər və maarifləndirici işlər aparılıb.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha əhalinin nəzərinə çatdırırıq ki, “Dövlət sirri haqqında” 2004-cü il 7 sentyabr tarixli Qanuna və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” 2014-cü il 24 sentyabr tarixli Sərəncamına uyğun olaraq qanunla qadağan olunmuş məlumatların yayılmasına görə müvafiq məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının Silahlı Qüvvələri, hərbi obyektlər, onların təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə fotoşəkillər, audio-video materiallar və digər informasiyalar yayan şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ən ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir. Hazırda ölkəmiz üçün həssas olan dövrdə hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə və cəbhədə əməliyyat şəraitinə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq”, – deyə məlumatda qeyd olunur.
Gununsesi.info