
1992-1993-cü illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olmuş, hazırda Almaniyada yaşayan İlham Həsən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış “YAŞAT” fonduna dəstək olub.
Gununsesi.info İlham Həsənin bununla bağlı açıqlamasını təqdim edir: Dəyərli xalqımız! Müharibələr hər zaman böyük dağıntılara səbəb olur. Bu dağıntıdan ən çox əziyyət çəkənlər isə məhz o müharibənin iştirakçıları, yəni şəhid ailələri və qazilər olur. Bunu bir qazi kimi 2-ci Qarabağ savaşından sonrakı dövrdə də şəxsən yaşamışam. Şəhid ailələrinin və qazilərin yarasını sarımaq, maddi və mənəvi dəstək olmaq tək dövlətin deyil, bütün xalqın vəzifəsi olmalıdır! Ona görə də ölkə xaricində yaşayan dostlarımızı da bu təşəbbüsə qoşulub “Yaşat “fonduna dəstək verməsini uyğun görürəm və özüm də ilk yardımı edirəm! İnanıram ki, harada yaşamasından asılı olmayaraq hər kəs şəhid ailələrinə və qazilərimizə dəstək üçün bu fonda dəstək verəcək! Bu yardımların ədalətli şəkildə paylanmasına ictimai və dövlət nəzarətinin gücləndirilməsi olduqca zəruridir!