
Azərbaycanda prezident seçkiləri keçirilib. Hazırkı dövlət başçısı İlham Əliyev 92 faiz səs toplayaraq qələbə qazanıb və beşinci müddətə prezident seçilib. Kampaniyanın əsas özəlliyi səsvermənin Qarabağda ilk dəfə baş tutması idi.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” nəşrində dərc olunan reportajda qeyd edilib.
Reportajda deyilir ki, seçki günü Rusiya nümayəndə heyəti Qarabağa yollanıb: “Azərbaycanın hər bir kəndinin girişində şəhidlərin – 2020-ci il müharibəsi zamanı həlak olan hərbi qulluqçuların fotoşəkilləri olan stendlər var. Kənd qəbiristanlıqlarında ayrıca xiyabanlar var, orada qəbirlər xüsusi dam örtükləri altındadır, məkan dövlət bayraqları ilə bəzədilib.
Qarabağa daxil olarkən təhlükəsizlik qüvvələri pasportları yoxlayır, sonra ayrı-ayrı rayonların sərhədlərində nəzarət-buraxılış məntəqələri var. Regionda yolların kənarında minalanmış ərazilərin olduğuna dair xəbərdarlıq lövhələri var. Məlumdur ki, 2020-ci il müharibəsindən sonra 350 nəfər partlayıcı qurğuların qurbanı olub. Yol kənarlarında dağılmış və tərk edilmiş evlər görünür. Eyni zamanda minalardan təmizlənmiş ərazilərdə tikinti texnikası işləyir, yeni yollar, körpülər tikilir.
Gununsesi.info