
Dəməşqdə İranın elit hərbi İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı İsrailin İran səfirliyinə ehtimal hücumu nəticəsində həlak olub.
Gununsesi.info bildirir ki, bu barədə ISNA xəbər yayıb.
Bildirilir ki, ölənlər arasında İran xüsusi təyinatlıları – “Əl-Qüds” qüvvələrinin komandirlərindən biri, briqada generalı Məhəmməd Rza Zahedi, onun müavini – briqada generalı Məhəmməd Hadi Rəhimi və onların beş həmkarı da var. İranda onları Suriyada hərbi məsləhətçi adlandırırdılar.
Zərbə yerli vaxtla saat 17:00 radələrində səfirliyin konsulluq şöbəsinin binasına endirilib. Hadisə yerindən çəkilən fotolarda binanın tamamilə dağıldığı görünür.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian konsulluq şöbəsinə hücumu “bütün mümkün beynəlxalq konvensiyaların pozulması” adlandırıb. Nazirliyin sözçüsü Nasir Kənani bildirib ki, “Tehran hücuma cavab tədbirləri görmək hüququnu özündə saxlayır”.
İsrail hücumu şərh etməyib.
Afət Abbasova