İrana dini təhsil üçün gedənlər bu ölkənin emissarlarına çevrilir – AÇIQLAMA

İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmadı. İran rəsmilərinin Azərbaycana qarşı açıq təhdidləri ölkəmizdə haqlı narazılığa səbəb olub. Bu mənada ölkəmizdən dini təhsil almaq üçün İrana gedənlər barəsində də müəyyən fikirlər səsləndirilir. Belə ki, Azərbaycan vətəndaşlarının İranda dini təhsil almağa getməsinə qadağa tələbləri var.

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, xaricdə dini təhsillə bağlı ümumi qadağaların qoyulmasına ehtiyac yoxdur:

“Lakin xarici ölkələrdə dini təhsil birbaşa dövlətin nəzarəti altında olmalıdır. Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkədə Dini Qrumlarla iş üzrə Dövlət Komitəsinin nəzdində İlahiyyat İnstitutu fəaliyyət göstərir. Bu təhsil ocağı layiqli xidmət göstərir. Təəssüf ki, Azərbaycanda dövlətin dinlə bağlı konsepsiyası yoxdur. Bu ən azı ölkənin milli təhlükəsizliyi qədər vacibdir. Bu konsepsiyanın olmaması milli məfkurə və şüura da təsir edir”.

Şərqşünas bildirib ki, xaricdə dini təhsil üçün gedənlər bəzən orada təkcə elmlə məşğul olmur: “Belə ki, həmin şəxslər bu ölkənin emissarlarına çevrilir. Bunu hamıya aid etmək olmaz, amma belələri də az deyil. Ona görə də xaricdə dini təhsil məsələsinə dövlət özü nəzarət etməlidir. Fərqi yoxdur İranda, yaxud digər İslam ölkələrində. Əgər dini təhsil dövlət maraqlarının və milli təhlükəsizliyin ziddinə gətirib çıxarırsa, buna aidiyyəti qurumlar müdaxilə etməlidir. Həmin şəxslərə müəyyən qadağalar qoya bilər”.

Mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə yaratmağa çalışsaq da 3 iş günü ərzində suallarımıza cavab ala bilmədik.

Gununsesi.info