
“G7 ölkələrinin sammiti başlanan gün Rusiyanın Ukrayna paytaxtını raket atəşinə tutması dünyanın aparıcı ölkələrinə mesajdır. Həmin raketlərin Xəzər dənizindən atılması isə başqa bir mesajdır: Rusiya Xəzərdə söz sahibi olduğunu demək istəyir”.
Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu regionda yaranmış vəziyyəti təhlil edərkən deyib. Ekspert vurğulayır ki, Kremlin bu mesajına dəstək müttəfiqi Tehrandan gəldi.
“Rusiyanın raket hücumunun İran prezidenti Raisinin “Xəzərdə yalnız xəzəryanı ölkələrin silahlı qüvvələri yerləşdirilə bilər” bəyanatı ilə üst-üstə düşməsi heç də təsadüf kimi qəbul edilməməlidir”, – Oruclu qeyd edib.
Təhlilçi əlavə edir ki, bu iki ölkənin Azərbaycan siyasətindəki yanaşmaları bir çox hallarda üst-üstə düşür:
“Türkiyənin Cənubi Qafqazda fəallaşması həm Moskvanı, həm də Tehranı eyni dərəcədə narahat edir. Azərbaycan üçün isə Türkiyə strateji müttəfiqdir, odur ki, iki ölkə arasında hərbi əməkdaşlıq elə Xəzər dənizində təhlükəsizliyin təmin olunması istiqamətində də davam etdirilməlidir. Azərbaycan öz donanmasının modernləşdirilməsi istiqamətində əməkdaşlığı təkcə Türkiyə ilə deyil, digər müttəfiq ölkələrlə də genişləndirməlidir. Bunu bizim milli təhlükəsizlik maraqlarımız tələb edir”.
Ə.Oruclu hesab edir ki, bunun üçün ilk növbədə ölkənin silahlı qüvvələri Rusiya 5-ci kolonundan təmizlənməlidir, əks halda Moskvanın casus şəbəkəsi bütün mümkün əməkdaşlığı sabotaj edəcək, bu günədək etdiyi kimi:
“Bütün bu addımlar da təcili atılmalıdır, çünki istər Xəzər hövzəsi ətrafında, istərsə də Yaxın Şərq bölgəsində baş verənlər zamanın bizim əleyhimizə işlədiyini göstərir. İndi gecikmək bizim üçün məhv olmaq anlamına gəlir. Son günlər ölkənin mətbuatında və ictimai-siyasi həyatında Rusiya 5-ci kolonunun fəallaşaraq açıq hücuma keçməsi də buna işarədir. Unutmayaq ki, indiki dövrün əsas xüsusiyyətlərindən biri də hadisələrin sürətinin yüksək olmasıdır”.
Mayis
Gununsesi.info