İlham Əliyevin uğurlu siyasəti - Azərbaycan yeni inkişaf mərhələsində

“Müstəqil Azərbaycan Respublikasında Prezident postuna keçirilən sayca 8-ci rəsmi seçkidə Prezident İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici uğurlu siyasəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib, dövlətimizin qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da güclənib. Dövlət siyasətinin başlıca prioritetlərindən biri xalqımızın rifahı və milli maraqları oldu. Xalqımız görülən işləri yüksək qiymətləndirərək daha təhlükəsiz və inkişafyönümlü gələcəyi seçdi”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da artıb: “Prezidentin rəhbərliyi ilə həyata keçirilən diplomatik uğurlar və xarici siyasət Azərbaycanın ATƏT, BMT, AŞ kimi təşkilatlarda daha qətiyyətli çıxış etməsinə, beynəlxalq arenada Prezidentin və nümayəndələrin rəyinə daha hörmətlə yanaşılmasına imkan yaradıb. Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verərək xarici qrant, ianə hesabına fəaliyyət göstərən xainlik və dağıdıcılıq məqsədi güdən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən qüvvələrə Azərbaycanın siyasi səhnəsində yeri olmadığını bir daha göstərmiş oldu. İlham Əliyevin hakimiyyət illəri tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu illər ərzində ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri isə 13,5 dəfə artıb. Maliyyə imkanlarımız və strateji valyuta ehtiyatlarımız ciddi şəkildə yüksəlib. Azərbaycanın ixracatdakı payı, regionlarda ümumi məhsul buraxılışı, xarici ticarət dövriyyəsi əsaslı şəkildə inkişaf edib. Ölkədə minimum əməkhaqqı 12,9 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə artıb. İşsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə qədər enib. Bu dövr ərzində pensiyalar 10 dəfədən çox, maaşlar isə 7 dəfə artıb. Ölkəmizin davamlı inkişafı və siyasi sabitliyi daha da yüksəlib”.

Ceyhun Məmmədov qeyd edib ki, azad sahibkarlığa dəstəyi daima diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Deputat əlavə edib ki, başlıca olaraq qeyri-neft sektorunun inkişafına yönəlmiş bu kreditlər nəticəsində ölkəmizdə minlərlə yeni müəssisələr yaradılıb.

C.Məmmədovun sözlərinə görə, İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanda neft-qaz sektoru əsaslı şəkildə inkişaf edib: “Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə istifadəyə verilməsi ilə ölkənin gəlirləri daha da artdı. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması Azərbaycanı qaz ixracatçısına çevirdi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyulub və 2018-ci ildə Türkiyədə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. Prezident İlham Əliyevin əsas hədəflərindən biri də daim milli maraqların qorunmasına, xalqın milli ideya ətrafında birləşməsinə, vətənpərvərlik ruhunun gənclər arasında daha da təbliğ edilməsinə yönəlib. Prezidentin hakimiyyəti illərində ordumuz sürətlə inkişaf edib. Böyük zəfərin başlanğıcı hesab olunan Aprel döyüşlərindəki qələbəmiz və 44 günlük Vətən müharibəsindəki zəfərimiz Ali Baş Komandanın qətiyyətli mövqeyini, Azərbaycan Ordusunun gücünü, qələbə əzmini və ordu quruculuğunun necə inkişaf etdiyini göstərir. 2003-cü ildən Azərbaycan Respublikası enerji idxalçısından ixracatçısına çevrilib. Ölkəmizdə bu sahəyə geniş yatırımlar edilib, böyük infrastruktur layihələr reallaşdırılıb. Son illərdə alternativ enerji sahəsinin ölkəmizdə inkişaf etməsi və xarici investorların bu sahəyə cəlb edilməsi birbaşa ölkə rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir”.

Millət vəkili vurğulayıb ki, Prezidentin hakimiyyəti dövrü ərzində yol və nəqliyyat infrastrukturunun və su təchizatının inkişafı istiqamətində böyük işlər görülüb: “Bu illər ərzində 15 min kilometr yeni yol çəkilişi təmin edilib, yeni aeroportlar istifadəyə verilib. Əhalinin içməli su təchizatı ilə bağlı problemləri aradan qaldırılıb, sakinlərin içməli su ilə bağlı təminatı artıb. Kənd təsərrüfatının inkişafı üçün bir neçə su anbarı tikilib və digər meliorasiya tədbirləri görülüb. Bütün bunlar onu söyləməyə əsas verir ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmiz həm daxili, həm də xarici siyasətdə mühüm uğurlara imza atıb”.

Gununsesi.info