
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı köçkün qəsəbəsində səyyar qəbul-görüşü keçirilib.
Gununsesi.info xəbər verir ki, qəbuldan əvvəl RİH başçısı Vaqif Həsənov qəsəbədə inşa edilmiş Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirə lövhəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhlarına ehtiramını bildirib.
Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.
Görüşdən sonra RİH başçısı qəsəbədə məskunlaşmış iki şəhid anası Qiraət Məhərrəmovanı yaşadığı mənzildə ziyarət etmiş, onun qayğıları ilə maraqlanıb.





