“Həmrəylik Günü ərəfəsində jurnalistlər Şuşada birlik nümayiş etdirdi…” — Aytəkin Alxaslının səfər TƏƏSSÜRATLARI

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə müxtəlif regionlarda fəaliyyət göstərən media subyektlərinin 100-dən çox nümayəndəsinin Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşaya səfəri baş tutdu. Jurnalistlər Şuşanın tarixi-mədəni abidələri, erməni təcavüzünə məruz qalmış məscidlər və şəhərin digər görkəmli yerləri ilə tanış oldular.

Gununsesi.info “Bizim.Media” informasiya portalının şimal bürosunun müxbiri, tanınmış jurnalist Aytəkin Alxaslının səfər təəssüratlarını öyrənib:

“Medianın İnkişafı Agentliyinin xətti ilə ikinci dəfədir ki, Şuşaya gedirdim. 2022-ci ildə Agentliyə Qubada mətbuatla bağlı tədbirin keçirilməsi üçün müraciət etmişdim. Qubada mətbuat nümayəndələrinin işinə dəstək göstərilir. Rayonun sabiq icra başçısı Ziyəddin Əliyevin diqqəti sayəsində Qubada Həsən bəy Zərdabinin abidəsi ucaldılıb.

2022-ci ilin noyabrında Qubada bölgə mətbuatının inkişafı mövzusunda Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə tədbir keçirildi, bölgə jurnalistləri, bölgələrdə fəaliyyət göstərən televiziyaların, saytların əməkdaşları burada iştirak etdilər. Çıxışımda təklif etdim ki, bölgə jurnalistlərinin işğaldan azad olunmuş torpaqlara səfəri təşkil olunsun. Əlbəttə, həmkarlarım da sağ olsunlar, bu fikrimi dəstəklədilər, birgə təşəbbüs idi. Jurnalistikanın məkanı yoxdur, jurnalist hər yerdə jurnalistdir”.

Müsahibimiz deyir ki, Şuşanı hər dəfəsində yenidən görmək fərqli hisslər yaşadır:

“Mənə də dəvət gəldi, düzü getmək istəmirdim, çünki Şuşada heç vaxt olmayan həmkarlarım vardı. Buna qədər ümumilikdə dörd dəfə Şuşada olmuşdum. Amma Şuşanı hər zaman yenidən görməyə dəyər. Səfər edən jurnalistlər arasında ilk dəfə Şuşada olanlar çox idi. Xüsusi ayrılmış avtobusla Qubadan Bakıya doğru yola çıxdıq, daha sonra isə Şuşaya istiqamət aldıq. Təşkilatçılıq yüksək səviyyədə idi, proqram da zəngin idi. Yuxarı Gövhərağa məscidi, Şuşa Qalası, Cıdır Düzü, Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdik. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində jurnalistlər həmrəyliyini nümayiş etdirdi, həm də Qarabağın incisi olan Şuşada, bu, mediamız üçün mühüm hadisədir”.

A.Alxaslı Şuşanın ildən-ilə abadlaşdığını bildirib:

“Mən 2021-ci ildə Şuşaya səfər edəndə şəhərdə quruculuq işləri yeni başlamışdı, təhlükəsizlik tədbirləri güclü idi, indi də belədir. Şuşaya gedəndə yolboyu insan qürur hissi keçirir, sanki yeni bir Azərbaycan inşa edilir. Bütün məkanlarda abadlıq işləri aparılıb, restavrasiya zamanı şəhərin qədimliyi saxlanılıb, düşünürəm ki, bu, vacibdir. Vaxtımız az idi, bir neçə saat ərzində həm nahar etməli, həm də Şuşanı gəzib-görməli idik. Uzun yol gəlməyimizə baxmayaraq naharda hamı tələsirdi ki, şəhəri daha çox gəzib görə bilsin. Media nümayəndələrinin Qarabağa səfərlərinin təşkilinin mütəmadi hal alması sevindiricidir. Bütün həmkarlarıma tezliklə azad Vətən torpağını görməyi arzu edirəm”.