
Paytaxt küçələrində piyada keçidlərinin sahibkarlar tərəfindən bağlanması, üzərinə pilləkən hörüb özləri obyektlərin üçün keçid etməsi hallarına tez-tez rast gəlinir.
Ancaq ölkənin tikintisinə, təhlükəsizlik məsələsinə əsas məsul olan Fövqəladə Hallar Nazirliyinin inzibati binalarından birinin yanında bunun edilməsi təəcüb doğurmaya bilməz.
Belə ki, Gununsesi.info-ya müraciət edən Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin sakinləri bu qəribə piyada keçidi haqqında şikayətlənib.
Həmin küçəyə baş çəkən əməkdaşımız qeyd edir ki, orada keçid həm var, həm də yoxdur.
“Keçid düz Fövqəladə Hallar Nazirliyinin qarşısında, “Baku City Residence” Satış Mərkəzinin 5 addımlığında yerləşir. Nazirliyin binasının qarşısında böyük bir bağ salınıb, buna görə, keçidin enini azaldıb 1 metr ediblər. Bu da yetməyib, keçidin yarı yolda qarşısına barı hörüblər”.
Həmin nazirliyin və “Baku City Residence” Satış Mərkəzinin əməkdaşlarının avtomobilləri də bu keçiddə dirənib saxlandığına görə ərazidən keçən piyadalar düşüb avtomobil yolu ilə hərəkət etməli olurlar. Sürətli avtomobillərin hərəkət etdiyi bu yolda hər gün piyadalar üçün ölüm riski yaşanır.
Dövlət Yol Polisi də yolu bağlayanların xətrinə dəyməmək üçün vətəndaşların qarşılaşdığı bu təhlükəyə göz yumur. Bizdə adət var axı.
Sakinlər deyir ki, dəfələrlə məşhur kompleksin komendantına və FHN-nin mühafizəçilərinə yaxınlaşıb problemdən bəhs etsələr də nəticə olmayıb.
Görünür, asfalt yolda biri öləndən sonra əlaqədar qurumlar hərəkətə keçər.
Nəcəfqulu Rəfiyev küçəsindəki bu səki öz ilk qurbanını gözləyir.
Kimsə ölsə problemə əncam çəkiləcək.
Gec olmayacaqmı?
Elmar Elnuroğlu
Gununsesi.info