
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.
Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.
Ermənistanın yenidən dövlət sərhədində təxribatlara əl atması nədən xəbər verir?
Milli Məclisin deputatı Rasim Musabəyov Modern.az-a açıqlamasında bildirib ki, bu daha çox Ermənistanın Müdafiə Nazirliyində olan problemlərlərdir ki, məsələni bu həddə çatdırır:
“Görünür, hərbçilər yeni təyinatdan narazıdırlar və öz etirazlarını bu cür bildirirlər, idarə olunmaqdan çıxıblar. Digər bir variant isə təyin olunmuş yeni və təcrübəsiz nazir özünün gəlişini bu şəkildə nümayiş etdirir.
Hər bir halda dəmir yumruğun dadın yenidən alandan sonra düşünürəm ki, özlərinə gələcəklər. Onların itkiləri hazırda çoxdur”.
Deputatın sözlərinə görə, bu hadisələr danışıqlara mənfi təsir göstərəcək, çətinliklər yaradacaq:
“Hər bir halda biz bilirik ki, Ermənistanın dədəsi kimdir, onunla bu məsələləri qaydaya qoymaqla bağlı danışıqlar aparacağıq”.
Gununsesi.info