Deputatdan süni bahalaşmaya sərt ETİRAZ

“Ölkədə süni bahalaşma mövcuddur. Bu, hələ də problem olaraq qalır. Bu məsələ ilə bağlı dünən də Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı fikir mübadiləsi aparmışıq. Süni bahalaşmanın qarşısını almağın yeganə yolu güclü monitorinqlər aparmaqdır. Anti-inhisar Xidmətinin İnfilyasiya Tədbirləri haqqında Baş nazirin Qərarı var. Ona uyğun olaraq bu istiqamətdə tədbirlər daha da genişləndirilməlidir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, süni qiymət artımının olmaması üçün bütün aidiyyəti qurumlar bu istiqamətdə fəaliyyətini sərtləşdirməlidir:

“Süni qiymət artımı kifayət qədərdir. Ona görə də onun qarşısı mütləq alınmalıdır. Onsuz da bahalaşma gedir, xaricdən kifayət qədər idxalımız var. Bu da Azərbaycanda inflyasiyaya təsirsiz ötüşmür. Digər tərəfdən, bəzi sahibkarlar, möhtəkirlər vəziyyətdən istifadə edirlər, məhsulların qiymətini süni şəkildə artırırlar. Bunun qarşısının alınmasının yeganə yolunu yuxarıda qeyd etdim. Başqa cür süni qiymət artımının önünə sədd çəkmək çox çətindir”.

Vahid Əhmədovun fikrincə, süni qiymət artımlarının əsas səbəblərindən biri də bolluğun və rəqabətin olmamasıdır:

“Bundan çıxış yolu rəqabət məcəlləsinin qəbulundan keçir. Əgər biz Azərbaycanda azad rəqabət mühitini bərpa etmək istəyiriksə, mütləq bu məcəllə qəbul edilməlidir. Monopoliya, inhisarçılıq olmamalıdır. Çox təəssüf ki, bu günə qədər həmin məcəllə Milli Məclisə gəlib çıxmayıb. Amma həmin məcəllə hazırdır. Bu məsələyə parlamentin plenar iclasında yenə də toxunacağıq. Dünən həmkarım Əli Məsimli də bu məsələyə parlamentdə münasibət bildirdi. Bununla bağlı parlamentdə müzakirələr açırıq, müəyyən təkliflər də veririk. Çox təəssüf ki, bunlar öz yerini tapmır”.

Deputat düşünür ki, bu vaxta qədər süni qiymət artımları ilə bağlı ciddi tədbirlər də görülüb:

“İqtisadiyyat Nazirliyinin Anti-inhisar Xidməti tərəfindən ciddi monitorinqlər də aparılıb. Amma bu tədbirləri genişləndirmək, cəzaları daha da sərtləşdirmək lazımdır. Belə olduğu halda süni qiymət artımları da sıfıra enəcək. Prezident də bir neçə dəfə süni qiymət artımlarına toxunub. Sahibkarlar başa düşməlidir ki, pul qazanmaq olar, amma belə yox. Süni qiymət artımından əziyyət çəkən təbəqələr var. Əslində süni qiymətlərdən hamı əziyyət çəkir. Bir var, xaricdən gələn məhsullarda inflyasiyaya görə qiymət artımı, bir də var burada heç bir səbəb olmadan süni qiymətlər formalaşdırasan. Bu, yolverilməzdir”.

Gununsesi.info