Deputat bahalaşmadan narahatdır  - DEMƏK OLAR Kİ, HƏR SAHƏNİ ƏHATƏ EDİR

Milli Məclisin deputatı Fazil Mustafa ölkədə kommunal xidmətlərdəki gözlənilən bahalaşmadan narahatdır.

Deputat hesab edir ki, bahalaşma üçün hökumətə müraciət edən xidmət qurumları bunu ciddi şəkildə əsaslandırılmalıdır:

“İctimai rəyə də ciddi, açıq, şəffaf formada çatdırılmalıdır. Tələsik hər hansı bir qərarı qəbul etmək çox yanlış nəticələrə gətirib çıxara bilər. Birinci növbədə vətəndaşın maraqları nəzərə alınmalıdır. Vətəndaş kommunal xərcləri nə səviyyədə ödəyə bilir, vətəndaş üçün kompensasiyaedici vasitələr həyata keçirilibmi? Bu məsələlər mütləq müzakirə olunmalıdır. Çünki ödəmə imkanı olmayan vətəndaşın hər hansı şəkildə bu prosesi idarə etməsi mümkün olmayacaq. Çox çətinlik çəkəcək. Söhbət, sadəcə, sudan getmir. Qaz, işıq və digər kommunal məsələlərdə də vətəndaş problem yaşayır. Ona görə də bu məsələlər ictimai müzakirəyə çıxarılmalı, müəyyən dərəcədə şəffaf şəkildə təqdim olunmalıdır. Görürsünüz, nəqliyyat şirkətləri də qiymətlərin qaldırılması ilə bağlı müraciət ediblər. Bahalaşma hər sahəni əhatə edir. Amma elə etməliyik ki, bunun zərbəsi Azərbaycan vətəndaşlarına dəyməsin. Biz bu prosesi onların marağını güdərək tənzimləməliyik. İndi vətəndaşın razılığı ifadəsi işlənirsə, bu mücərrəd ifadədir. Daha aydın şəkildə əsaslandırılması verilsə, insanlar da bunu bir çox hallarda anlayışla qarşılaya bilərlər. Amma bunun açıqlaması doğru verilməyəndə bir az şübhəli vəziyyət yaranır. İnsanlar da bahalaşmanın müəyyən dərəcədə subyektiv amildən qaynaqlandığına daha çox diqqət çəkirlər. Məsələnin əsas mahiyyəti budur. Əgər obyektiv səbəbdən bahalaşma varsa, onun izahı verilməlidir. Eyni zamanda vətəndaş üçün də müəyyən güzəştli kompensasiya xarakterli addımların atılması – əmək haqqı, pensiyanın artırılmasına təsir edə biləcək müəyyən güzəştlərin nəzərdə tutulması ola bilər”.

Günay
Gununsesi.info