Daha bir rusiyalı milyarder vətəndaşlıqdan imtina edir - RUSİYA İLƏ ƏLAQƏLƏRİMİ DƏ TAM KƏSİRƏM

  • By admin
  • 11 Oktyabr 2022 15:51

60 yaşlı milyarder DST Global investisiya şirkətinin həmtəsisçisidir, 1999-cu ildə İsrail vətəndaşlığı alıb

Daha bir rusiyalı milyarder- Yuri Milner  Moskvanın Ukraynaya qarşı hərbi təcavüzü fonunda Rusiya vətəndaşlığından çıxıb.

Gununsesi.info xəbər verir ki, Yuri Milner bu haqda özünün “Tvitter” hesabında yazıb.

O, bildirib ki, Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edəndən Rusiyadan gedib, indi isə ölkəsiylə əlaqələri daha da kəsir.

“Ailəmlə birlikdə 2014-cü ildə Rusiyadan birdəfəlik çıxdım. Bu yay isə Rusiya vətəndaşlığından imtina prosesini tamamladım”, – Milner yazıb. O, detalları açıqlamayıb.

Qeyd edək ki, 60 yaşlı milyarder DST Global investisiya şirkətinin həmtəsisçisidir, 1999-cu ildə İsrail vətəndaşlığı alıb.

Rusiyadan gedəndən sonra bir neçə il İsraildə yaşamış Milner sonradan Birləşmiş Ştatlara köçüb.

Varidatı 7.3 milyard dollar olan Milner Moskva fevralın sonunda Ukraynaya qarşı tammiqyaslı təcavüzə başlayandan Rusiya vətəndaşlığından imtina edən üçüncü milyarderdir.

Milnerin vebsaytında qeyd edilir ki, o, 2014-cü ildən Rusiyaya getməyib, orada aktivləri yoxdur, şəxsi sərvətinin 97 faizi ölkədən kənarda qazanılıb, Prezident Vladimir Putinlə “nə fərdi, nə də qrup şəklində görüşüb”.

Afət Abbasova

Gununsesi.info