
Türkiyə müxtəlif sahələrdə liderliyini dünyaya sübut edən, tam müstəqil daxili və xarici siyasət yürüdən, eyni zamanda beynəlxalq səviyyədə strateji tərəfdaşlarının sayını artıran dövlətə çevrilib.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı “Anadolu” agentliyinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Türkiyə beynəlxalq səviyyədə uğurlu vasitəçilik rolunu günü-gündən artırır və bu, Azərbaycanı çox sevindirir.
Azərbaycanlı nazir Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü münasibətilə səmimi təbriklərini çatdıraraq, bu tarixin təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası üçün çox mühüm tarixi mərhələ və qürur mənbəyi olduğunu qeyd edib.
Bayramov qeyd edib ki, qardaş Türkiyə son 100 ildə çox çətin proseslərdən keçib və tarixin bəzi mərhələlərində açıq-aşkar xarici təhlükələrlə üzləşib. “Bununla belə, o, bütün bu çətinliklərin öhdəsindən qürur duya biləcək şəkildə nail olub”, XİN rəhbəri vurğulayıb.
“Qardaş Türkiyə dünyanın aparıcı güc mərkəzləri tərəfindən qəbul edilən və hörmət edilən nadir ölkələrdən biri kimi bu gün beynəlxalq miqyasda uğurlu vasitəçilik siyasəti həyata keçirir”.
Bayramov xatırladıb ki, Türkiyə G20 ölkələrindən biridir və iqtisadi artıma görə G20 ölkələri arasında ilk beşliyə daxildir.
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar sayəsində son 20 ildə Türkiyənin ixracı 10 dəfə, ümumi daxili məhsul isə 2 dəfə artıb”.
Bundan əlavə, azərbaycanlı nazir Türkiyə ordusunun gücünü qeyd edib. “Türkiyə müdafiə sənayesi bütün dünyanı təəccübləndirməyə davam edir. Bu, Türkiyəyə güc qatır”.
Nazirin sözlərinə görə, Türkiyə iqtisadi və elmi potensialı sayəsində yeni texnologiyalar ölkəsinə çevrilib. “Türkiyə yeni texnologiyalar istehsal edən, tətbiq edən və ixrac edən dövlətə çevrilib. Buna misal olaraq ilk yerli istehsal olan elektrik avtomobilini göstərmək olar. Əminəm ki, bütün bu nailiyyətlər Türkiyənin gözəl gələcəyinin açarı olacaq”.
Bayramov, həmçinin Şuşa Bəyannaməsi əsasında Azərbaycan və Türkiyə arasında son illər sürətlə inkişaf edən müttəfiqlik əlaqələri barədə fikirlərini bölüşüb. O, Türkiyənin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olduğunu xatırladaraq, iki ölkəni həm də tarixi, mədəni, milli və dini bağlılıqların bir-birinə bağladığını vurğulayıb.
Xarici işlər naziri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini də diqqətə çatdırıb. Nazir qeyd edib ki, strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin əsasında iki xalqın iradəsi, iki liderin qardaşlıq münasibətləri dayanır.
“Bu iki qısa ifadə ölkələrimiz arasında münasibətlərin nə qədər dərin olduğunu mükəmməl şəkildə ifadə edir.
Bayramov qeyd edib ki, türk diplomatları Azərbaycanın maraqlarını müdafiə etdiyi kimi, Azərbaycan diplomatları da Türkiyənin maraqlarını müdafiə edir və hər iki dövlət başçıları buna misaldır.
“Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin dəstəyini bilir və hiss edir. Lakin 44 günlük Vətən Müharibəsində türk xalqının və dövlətinin mövqeyi çox önəmli idi. İlk günlərdən həm cənab Ərdoğanın, həm də sadə Türkiyə vətəndaşlarının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizim gücümüzü daha da artırdı və bütün dünyaya açıq siqnal verdi”, – deyə XİN rəhbəri əlavə edib.
Gununsesi.info