Bu, revanş çağırışları səsləndirənlərə siyasi mesajdır – Şərh

“Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanının açılışı və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ilk xarici qonaq qismində qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın iştirakı tarixi hadisədir. Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma, Zəngəzur dəhlizinin tərkib hissəsi – avtomobil yolunun təməlqoyma mərasimi xüsusi əhəmiyyət kəsb edir. Bu, ilk növbədə regionda sülhün bərqərar olmasını istəməyən geosiyasi qüvvələrə, eyni zamanda revanş çağırışları səsləndirənlərə verilmiş siyasi mesajdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, Türkiyə kimi güclü orduya, hərbi-sənaye kompleksinə malik müttəfiqin hər zaman yanımızda olması ölkəmizə yönəlik güclərin balanslaşdırılmasına imkan verir:

“Qubadlının azad olunmasının ildönümü ilə əlaqədar ictimaiyyətlə görüşdə cənab Prezident belə bir ifadə işlətdi: “Müharibə qurtarsa da, bəzi qüvvələr bizi yenidən döyüşə sürükləmək istəyirlər. Ancaq bilsinlər ki, biz hər zaman hazırıq”. Səfər öncəsi hörmətli Rəcəb Tayyib Ərdoğan da “Kim Azərbaycana qarşı təcavüz etmək fikrinə düşsə, qarşısında Türkiyəni görəcək” fikirlərini səsləndirmişdi. Hər iki dövlət başçısının səsləndirdikləri bəyanatlar hələ də bölgənin təhlükəsizliyinə təhdidlərin olduğunun sübutudur. Bu yaxınlarda sərhədlərimizin yaxınlığında irimiqyaslı hərbi təlimlər keçirənlərin, erməni ordusunu yenidən silahlandırmaq istəyənlərin, Zəngəzur dəhlizinin açılmasına qətiyyətlə maneçilik törədənlərin timsalında bunu gördük”.

Deputatın sözlərinə görə, yaxın zamanda İtaliyanın paytaxtı Roma şəhərində, G20 sammitində region dövlətlərilə, ələlxüsus cənub qonşumuzla bağlı müzakirələrin keçiriləcəyi gözlənilir:

“Sammitdə Türkiyə Prezidentinin ölkəmizin maraqlarını təmsil edəcəyinə, prinsipial məsələlərdə Azərbaycanla birgə hərəkət edəcəyinə tam əminik. Necə deyərlər “Biz birlikdə güclüyük və qlobal məqsədə doğru addım-addım irəliləyirik”. Eyni zamanda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, infrastruktur və iqtisadi layihələrin icrasında Türkiyə şirkətlərinin yaxından iştirakı əməkdaşlığımızı daha geniş spektrdə stimullaşdırır. Təməli qoyulan Zəngəzur dəhlizi vasitəsilə hər iki ölkə arasında, eyni zamanda region dövlətləri, bütövlükdə Şərq-Qərb ölkələri arasında iqtisadi-ticari əlaqələr intensivləşəcək. Müasir dünyada Azərbaycan-Türkiyə münasibətləri hər kəsə nümunədir. Elə bir sahə yoxdur ki, ölkələrimiz arasında maraqlar toqquşsun. Bu da heç şübhəsiz, dövlət başçılarımızın apardığı uzaqgörən, müdrik siyasət, təmsil etdikləri ölkələrin maraqlarını beynəlxalq müstəvidə peşəkarcasına müdafiə etmələri nəticəsində baş verir. Nəticələr isə göz qabağındadır. Hər iki qardaş ölkənin gücü dünya miqyasında etiraf olunur. Azərbaycan xalqı 44 günlük müharibədə və ondan sonra tarixinin ən şərəfli günlərini yaşayır. Hərbi qələbələrdən sonra iqtisadi sahədə, bərpa-quruculuq işlərində əldə olunan hər bir nailiyyət dövlətimizin gücünü, nələrə qadir olduğunu bütün dünyaya göstərir. Fəxr etmək üçün kifayət qədər əsaslar var”.

Gununsesi.info