“Bu ay Azərbaycanda rekord məbləğdə dollar satılıb” - VÜQAR BAYRAMOV

“Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”

“Bu ay Azərbaycanda rekord məbləğdə dollar satılıb. Dekabrın hələ bitməməsinə baxmayaraq, yalnız Mərkəzi Bankın hərracları vasitəsi ilə geridə qalan günlərdə 603.8 milyon dollar satılıb”.

Gununsesi.info-nun məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkilinin sözlərinə görə, noyabr ayında 234.7 milyon dollar, oktyabr ayında 202.6 milyon dollar, sentyabrda 164.5 milyon dollar, avqustda 93.9 milyon dollar, iyulda 272,7 milyon dollar, iyunda 78,9 milyon dollar, mayda 277,2 milyon dollar, apreldə 286 milyon dollar, martda 383,9 milyon dollar, fevralda 356,6 milyon dollar və yanvarda 188,5 milyon dollar satılıb: “2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb. Göründüyü kimi, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Qeyd edək ki, Azərbaycan idxalının artması da dollar tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollara alışını artırır”.

CESD sədri əlavə edib ki, Azərbaycan üzən məzənnə rejiminə keçməsə belə, dollara tələbin artması müşahidə olunmaqdadır: “Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”.

 

 

Gununsesi.info