
Yaşadığım Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsini ətrafında gəzməyə bir park yoxdur. Yaxşı ki binanın həyətində uşaqların oynaması üçün meydança var.
Gununsesi.info xəbər verir ki, bunu vəkil Cavad Cavadov sosial şəbəkə hesabında yazıb.
“Ətrafımızda köhnə “Papanin” deyilən ərazidə park salınacağı bildirilsə də, bu, baş vermədi və o ərazini də tikinti şirkətlərinə verdilər və hal-hazırda hündürmərtəbəli binalar tikilir. Parkları qoyaq bir kənara. Bakı şəhərinin elə eybəcər günə salıblar ki, müəyyən ərazilər istisna olmaqla, artıq piyada gəzmək belə mümkün deyil. Bu azmış kimi, utanmadan piyadalar üçün səkilərin də günü-gündən zəbt olunduğunu görürük”, – deyə o qeyd edib.
O bildirib ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsindən üzü Bakixanov küçəsi istiqamətinə düşəndə yolun sağ tərəfində, piyadaların keçidi üçün səki zəbt olunub, təcili surətdə əlavə artırılma aparılıb:
“Rəsmi olaraq müvafiq qurumlara şikayətlər göndərmişəm. Onun sökülməsini tələb etmişəm. Mağazanın adı “Eleqant Əmiraslanoğlu”dur. Lakin bu mənzərə heç də eleqant görsənmir. Hələ ki, gec deyil. Gəlin, Bakı şəhərini birlikdə bu eybəcərliklərdən xilas edək”.




