
“Bakıdakı tıxaclar avtomobil benzini və dizel yanacağının istehlakının artımını stimullaşdırır və bundan qazanan əsasən istehsalçı SOCAR, bir də idxalatçı şirkətlədir”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış iqtisadçı alim Qubad İbadoğlu deyib.
Onun fikrincə, tıxaca sadəcə yol hərəkəti problemi kimi yanaşmaq doğru deyil:
“Bu həm də inhisarçılar üçün əlavə qazanc mənbəyidir. Baxın, rəsmi statistikaya 2022-ci ilin yanvar-noyabr aylarında avtomobil benzini və dizel yanacağı üzrə pərakəndə ticarət dövriyyəsi 2 528,3 milyon manat olub ki, bu da 2021-ci ilin yanvar-noyabr aylarına nisbətən 8,4 faiz çoxdur. Əslində Azərbaycanda üç min kub santimetrdən çox mühərrik həcmi olan avtomobillərin idxalının azaldılması məqsədilə onların idxalına gömrük rüsumları artırılması və 2022-ci ildən Azərbaycana elektromobillərin idxalı əlavə dəyər vergisindən azad edilməsi, elektrik mühərrikli minik avtomobillərinin mövcud 15% idxal rüsumu 0% -ə endirilməsi, eləcə də hibrid avtomobillərin idxalının artması avtomobil benzininə və dizel yanacağına tələbatı aşağı salmalıdır. Amma göründüyü kimi, əksinə proses gedir, belə ki, ilin ilk 11 ayında ötən ilin eyni dövrü ilə müqayisdə 8,4 faiz artım qeydə alınıb.
Deməli süni tıxaclar bəhrəsini verir, nəticədə istehlakçıların xərclərini, istehsalçı, idxalatçı və satıcılarında da gəlirlərini artırır. Bu hökümət yumurtadan da yun qırxmaqla məşğuldur”.
Gununsesi.info