
Millət vəkili Azay Quliyev facebook səhifəsində bir Xocalı sakininin ünvanladığı suala cavab verib.
Qeyd edək ki, Xocalıdan köçkün olan vətəndaş adıçəkilən bölgədə Azərbaycan qanunlarının hüquqi qüvvəsinin olub-olmayacağını soruşub.
Gununsesi.info millət vəkilinin cavabını təqdim edir:
Xocalıda, Xankəndində, Xocavənddə və Dağlıq Qarabağın digər ərazilərində Azərbaycan qanunları bərpa olunacaq, qanunların icrasına Azərbaycan polisi nəzarət edəcək, Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan manatı istifadə olunacaq və bir sözlə Azərbaycanın konstitusiyası və suverenliyi tam olaraq bərqərar olunacaq. Bu barədə narahat olmayın və içiniz rahat olsun. O ki, qaldı rusların sülh məramlı missiyasına, bu missiyanın mandatında bizim daxili işlərə qarışmaq səlahiyyəti yoxdur. Digər tərəfdən qardaş Türkiyənin də hərbiçiləri bölgədə olacaq və ruslarla birgə patrul xidmətini həyata keçirəcəklər.
İndiki şəraitdə Rusiya və Türkiyənin bu missiyanı həyata keçirməsində qorxulu heç nə yoxdur və bu bizim milli maraqlarımıza uyğundur.
Sizin Xocalıdan olan qardaşım kimi vaxtilə keçirdiyiniz ağır hissləri başa düşürəm, lakin əmin olun ki, siz bundan sonra ancaq güclü Azərbaycanın məğrur və qalib vətəndaşı kimi Xocalıda, öz doğma yurdunuzda rahatlıqla yaşayacaqsınız.
Artıq 92-ci il deyil, 2020-ci ildi və Azərbaycan güclü və qüdrətli dövlətdir.
İndi erməni düşünsün ki, təzədən Qarabağa qayıdıb yaşaya bilər, ya yox?
Sonda isə Sizi evinizə qayıtdığınız üçün təbrik edirəm. Ümid edirəm ki, Xocalıda Sizin qonağınız olmaq mənə qismət olacaq.
Gununsesi.info