
“Avropa Məhkəməsi bu gün nümayəndəsi olduğum 3 nəfərin işini birləşdirərək qərarını elan etdi. Bu şəxslərin üçü də Gəncə Dövlət Universitetində təhsil alan Türkiyə vətəndaşlarıdır”.
Bu sözləri Gununsesi.info-ya tanınmış vəkil Əsabəli Mustafayev bildirib.
Onun sözlərinə görə, həmin tələbələt birgə kirayə qaldıqları evdə namaz qılarkən polislər tərəfindən saxlanmışdılar və qanunsuz dini toplantı keçirmək inzibati xətə törətməkdə təqsirli bilinmişdilər:
“Məhkəmə qərarı ilə onların hər biri barəsində 2000 manat cərimə və ölkədən çıxarılma tədbiri tətbiq olunmuşdur. Verdiyimiz apellyasiya şikayətinə baxılması nəticəsində cərimə tədbiri qüvvədə saxlansa da, qərar ölkədən çıxarılma hissədə ləğv olundu. Bu işlər üzrə kommunikasiya bitdikdən sonra Hökümət barışıq təklifi ilə müraciət etdi. Lakin biz onu qəbul etmədik. Çünki, hesab etdik ki, kommunikasiya sənədlərinin hazırlanmasına və tərcüməsinə xeyli zəhmət və vəsait sərf olunub. Ancaq məhkəmə qərarının qəbulu qalır. Hökümət həmin təklifi kommunikasiyadan əvvəl versə idi, yenə fikirləşməyə dəyərdi. Hökümət son dövrlərdə tez-tez istifadə etdiyi birtərəfli bəyanat vermək hüququndan bu işlərdə də istifadə etdi. Nəticə etibarı ilə Hökümət Ərizəçilərin qanunsuz həbs olunması və etiqad azadlıqlarının pozuntusu faktlarını tanıdı və hər bir Ərizəçiyə 4000 avro kompensasiya təyin olundu.Belə işlərdə həmişə olduğu kimi hüquqi xidmətə görə ayrıca kompensasiya təyin edilmədi. Əsası budur ki, pozuntuları Hökümət tanıdı”.
Günay
Gununsesi.info