Gələn xəbərlərə görə, Fransada “sarıjiletlilər” yenidən küçələri döyüş meydanına çeviriblər. Onlar hökumətin iqtisadi siyasətindən və koronavirus tədbirlərinə etiraz edirlər. Avropa Birliyinin ən güclü iqtisadiyyatına sahib olan ölkəsi Almaniya da bugün mitinqlərlə və ortaya çıxan hərbi çevriliş planı ilə sarsılıb. Avropanın paytaxtı Brüssel də mitinqlərlə çalxalanır. Təxminən 13 min nəfər ehtiyatda olan hərbçi təşkilatlanaraq “Təqaüddə olan və keçmiş hərbçilər” qrupunda birləşib Merkel hökumətini devirmək üçün planlar hazırlayıblar.
Bir neçə gün öncə də Fransada istefada olan 20 general və 1000-dən çox hərbçi prezident Makrona ölkənin vətəndaş müharibəsinin astanasında olduğu haqqında müraciət ünvanlamışdı. Bugün baş verən hadisələr, İngiltərənin Avropa Birliyindən ayrılması və BREXİT-lə yaxınlaşması, təşkilatın COVID-19 pandemiyasına qarşı mübarizədə və qlobal problemlərin həllində özünü göstərə bilməməsi, peyvənd savaşları, təhlükəsizlik problemləri üzv ölkələrin arasında ciddi fikir ayrılıqlarının olduğunu göstərir. Angela Merkelin 20 Apreldə Avropa Şurasının yaz sessiyasının açılışı tədbirində çıxışı da bir daha bu ciddi fikir ayrılıqlarının mövcudluğunun sübutudur. Xanım Merkel çıxışında bir çox sahədə problemlərin həllinin Avropada mövcud təsisatların həmrəy hərəkət etməsi ilə mümkün olacağını bildirib. Bir də COVID-19 pandemiyasının gətirdiyi əlavə iqtisadi yük şəraitində İngiltərə və Almaniya kimi dövlətlər əlavə olaraq digər Avropa Birliyi ölkələrinin iqtisadi yükünü daşımaq istəmirlər.
Avropanın siyasi düşüncəsinin, fəlsəfəsinin təməlində yatan Makiavellinin “Məqsəd bütün vasitələrə haqq qazandırır” fikri, Tomas Hobbsun “İnsan insanın canavarıdır” fikri və yolgöstərici kimi qəbul olunan digər fəlsəfi fikirlər bugün Avropa Birliyinin özünə qarşı çevrilib. Avropa Birliyinin qurulmasında təməl faktor olan iqtisadi maraqlar birliyin tənəzzülünün də əsas səbəbi olacaq. Görünən odur ki, İngiltərənin ayrılmasıyla iqtisadi yükü daha da artan Avropa Birliyində tənəzzül mərhələsi artıq başlayıb və bu daha da dərinləşəcək. Baş verən hadisələr yaxın müddətdə Türkiyə və Türk Dünyasının dünyanın əsas iqtisadi və siyasi mərkəzlərindən birinə çevrilməsinə səbəb olacaq. Azərbaycanın Qarabağ zəfəri və Zəngəzur dəhlizinin açılması bu birliyin təmin edilməsini sürətləndirəcək. Qarşıya çıxan maneələr Aya Sofyanın açılmasına əngəl olanların, Türkiyədən Şimali Kipri tək buraxmağı tələb edənlərin, Aralıq dənizində və Liviyada onu sıxışdırmağa çalışanların, Azərbaycanın Qarabağ zəfərinin həzm edə bilməyənlərin və Qırğızıstanla Tacikistan arasında müharibəni alovlandıranların hamısının bölgəyə yerləşmək istəyən və Türk Dünyasının güclənməsinə qarşı olan eyni qüvvələr olduğunu ortaya qoyur. Ancaq sözügedən qüvvələr heç bir şeyə nail ola bilməyəcəklər.
Daxili iqtisadi və siyasi problemlər onlara mane olacaq. İngiltərə və Türkiyə yaxınlaşmasının nəticəsində yaxın gələcəkdə Şimali Kiprin müstəqilliyinin tanınması üçün münbit şərait yaranacaq, Fransanın və digərlərinin Yunanıstana dəstəyinə baxmayaraq Türkiyənin Aralıq dənizində mövqeyi güclənəcək, Misirlə və İsraillə əlaqələrin normallaşması qardaş ölkəmizin Liviyada da gücünü artıracaq. Aralıq dənizində mövqeyin güclənməsi Suriyada və İraqda Türkiyənin manevr imkanlarını genişləndirəcək. ABŞ Türkiyənin bölgədə güclənməsinin qarşısını almaq üçün İrana tətbiq etdiyi sanksiyaları yumşaltsa da, yuxarıda qeyd etdiyim ki, bunun gözlənilən qədər təsiri olmayacaq. Rusiya Qərbin iqtisadi təzyiqləri və gələcəkdə Çinin buraya mümkün təsir gücünü azaltmaq üçün Türkiyə ilə anlaşmalı olacaq. Dünyanın iqtisadi və siyasi gücü Qərbdən Şərqə doğru yer dəyişdirəcək. Türkiyə və Azərbaycan bu mərhələdə Zəngəzur dəhlizinin açılmasına nail olmalıdır. Bu bizim üçün milli təhlükəsizlik məsələsidir. Zəngəzur dəhlizinin reallaşdırılması Afrikadan Asiyaya, Asiyadan Avropaya, Uzaq Şərqdən Fars körfəzinə qədər olan böyük bir coğrafiyada yeni ticarət yollarının açılması deməkdir. Digər tərəfdən Azərbaycan bugün dost ölkəmiz Əfqanıstanla Xəzər dənizi və Orta Asiya üzərindən yeni ticarət xətləri açmalı, bu ticarət yolları qardaş Pakistana qədər uzanmalıdır. Türkiyə və Azərbaycan qardaş Pakistana həm İran, həm də Zəngəzur dəhlizi vasitəsilə Əfqanıstan üzərindən ticarət yolu açmalı, oradan da Hindistana çıxmalıdır. Hadisələrin bu cür inkişafı Əfqanıstanda sabitliyin bərqərar olması üçün ciddi addım olar, həm də Kəşmir məsələsində qardaş Pakistanın mövqeyini gücləndirər və münaqişənin həllini sürətləndirər. Bunlar işin siyasi və iqtisadi tərəfləridir. Bütün bunlardan öncə, biz milli və mənəvi dəyərlərimizə sahib çıxmalı, tariximizi öyrənməli, bizi qarşıda böyük dəyişikliklərin gözlədiyini bilməli, bunun üçün İsmayıl bəy Qaspiralının “Dildə, fikirdə və işdə birlik” düsturu ətrafında çalışmalı, Türk Şurasını gücləndirməli, çevik və dəyişikliklərə hazır olmalıyıq. Bərabər və ağıllı şəkildə hərəkət etsək, bu dəyişikliklərdən Türk-İslam Dünyası güclü çıxacaq. Son nəticədə bölgə sabitliyə, Türk Dünyası da böyük ailəsinə qovuşacaq.
Gununsesi.info