
Bu barədə ATƏT-in rəsmi məlumatında deyilir.
Məlumata görə, səfərin məqsədi ATƏT-in mandatı və təcrübəsi əsasında bir sıra sərhəd rayonlarında təhlükəsizliklə bağlı vəziyyəti qiymətləndirməkdir.
Beynəlxalq ekspertlərdən və ATƏT Katibliyinin nümayəndələrindən ibarət texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca rayonlara səfər edəcək, müvafiq dövlət və yerli maraqlı tərəflərlə, həmçinin yerlərdə beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq.
Azərbaycan Xarici İşlər Nazirliyi də “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası”nın Ermənistana göndərilməsi məsələsinə münasibət bildirib.
“ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan hər hansı bir qrup ATƏT mandatına malik deyil, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz, onun heç bir nəticəsi və ya hesabatı ATƏT sənədi kimi qəbul edilməyəcək”, deyə məlumatda qeyd edilib.
Nazirlik ATƏT-in bu hərəkətini birtərəfli kimi qiymətləndirib.
“ATƏT Sədrliyinin və Katibliyin bu cür məsləhətsiz birtərəfli hərəkəti, digər məsələlərlə yanaşı, tərəflərin razılığını, vasitəçilərin qərəzsizliyini və dövlətlərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə riayət olunmasını tələb edən hər hansı məsuliyyətli və etibarlı vasitəçiliyin və etimad quruculuğunun əsas prinsiplərinə ziddir”, XİN-dən bildirilib.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir müddət əvvəl bildirib ki, Ermənistan Azərbaycanla sərhədə müşahidəçilər göndərmək üçün ATƏT-ə müraciət edib.
Gununsesi.info