
Hər zaman cəmiyyətdə baş verən hadisələrə özünün ziyalı mövqeyi ilə yanaşan, haqsızlıqlara qarşı səsini ucaldan tanınmış vəkil Aslan İsmayılov ictimai fəaliyyətinə son verir.
Gununsesi.info bildirir ki, bu barədə İsmayılov özünün sosial şəbəkə hesabında yazıb.
“1995-ci il «VİZA» Hüquq Firması təsis etdiyim gündən son vaxtlara qədər firmanın hesabına minlərlə vətəndaşa pulsuz hüquqi xidmət göstərmişik.
Özü də bu pulsuz hüquqi xidmət qrantlar hesabına göstərilən pulsuz hüquqi xidmətlərdən fərqli olub. Ona görə ki, “VİZA” Hüquq Firması, yaxud özüm, heç vaxt, heç bir təşkilatdan qrant, yaxud digər maddi yardım almadan imkansız vətəndaşlara təmənnasız hüquqi xidmət göstərmişik.
Bu işi görəndə heç bir marağım olmayıb, etdiklərimə peşman deyiləm və bu sahədəki əməyimi hamıya halal edirəm. Bundan sonra ictimai fəaliyyətimi əhəmiyyətli dərəcədə azaldıb vəkilliklə məşğul olmağa üstünlük verəcəm. “Aslan İsmayılov və partnyorları”, nə də özüm pulsuz hüquqi xidmət göstərməyəcəyik.
Hesab edirəm ki, uzun illər bu sahədə göstərdiyim fəaliyyətimi və keçirdiklərimi nəzərə alıb bu qərarı anlayışla qarşılayacaqsınız. Bildirirəm ki, artıq “VİZA” Hüquq Firması fəaliyyətini dayandırıb və mən işimi “Aslan İsmayılov və partyorları” vəkil bürosunda davam etdirirəm.
“Aslan İsmayılov və partnyorları” vəkil bürosunda mənimlə birlikdə savadına, dürüstlüyünə inandığım digər peşəkar vəkillər də fəaliyyət göstərirlər. Bu günə qədər Azərbaycanda vəkillik institutunun layiqli yer tutması, hörmətli peşəyə çevrilməsi istiqamətində apardığım fəaliyyətimi bundan sonra da davam etdirəcəm.
“Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunda cinayət, mülki, əmlak və hüququn digər sahələrini mükəmməl bilən təcrübəli vəkillər fəaliyyət göstərirlər. Sizi əmin edirəm ki, “Aslan İsmayılov və partyorları” vəkil bürosu fəaliyyətində peşəkarlığı, obyektivliyi və müştərinin hüquqlarının qorunmasını hər şeydən üstün tutacaq”.
Şəbnəm Rəhimova
Gununsesi.info