Ancelina Coli: “Dünya liderləri bu cinayətə şərikdirlər”

Amerikalı aktrisa və Birləşmiş Millətlər Təşkilatının keçmiş xoşməramlı səfiri Ancelina Coli İsrailin Qəzzadakı Cəbaliya Qaçqınlar Düşərgəsinə hücumuna reaksiya verib və atəşkəs çağırıb. Coli qeyd edib ki, “hər iki tərəfin atəşkəs əldə etməsinə mane olan dünya liderləri cinayətlərdə şərik olublar”.

Gununsesi.info xəbər verir ki, Ancelina Coli qaçqın düşərgəsinin hücumdan sonrakı görüntülərini şəxsi “İnstaqram” hesabında paylaşaraq, “Bu edilənlər, qaçmağa yeri olmayan, mühasirəyə salınmış əhaliyə qəsdən edilən hücumdur” deyib.

Ancelina Coli Qəzzanın son 20 ildə açıq həbsxana olduğunu və bu gün sürətlə kütləvi məzarlığa çevrildiyini vurğulayaraq, bildirib ki, “Dünya baş verənləri seyr edərkən və bir çox dövlətlərin fəal dəstəyi ilə milyonlarla fələstinli mülki şəxs beynəlxalq hüququn pozulması ilə qida, dərman və humanitar yardımdan məhrum edilməklə birlikdə kollektiv şəkildə cəzalandırılır və insanlıqdan kənarlaşdırılır”.

Aktirisa tərəfləri atəşkəsə çağırıb: “Humanitar atəşkəs tələbini rədd edərək və BMT Təhlükəsizlik Şurasının hər iki tərəfə atəşkəs tətbiq etməsinə mane olmaqla, dünya liderləri bu cinayətlərə şərik olurlar”.

Qəzza Səhiyyə Nazirliyi dünən İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsinə hücum etdiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada, hücumda ilkin təsbitlərə görə 100 nəfərin həyatını itirdiyi, düşərgədəki mülki yaşayış məntəqələrindən biri olan 6 blok məhəlləsinin tamamilə dağıdıldığı bildirilib.

Gununsesi.info