
Avropa Komissiyası (AK) Moldovanın Enerji Effektivliyi Fonduna 10 milyon avro və Milli Dayanıqlı Enerji Mərkəzinə texniki dəstək üçün 3 milyon avro ayıracaq.
Gununsesi.info Moldova KİV-ə istinadən xəbər verir ki, bu barədə Kişineuda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib.
Moldovanın energetika naziri Viktor Parlikov ilə keçirdiyi birgə brifinqdə o qeyd edib ki, AK həm də elektrikləşdirmə prosesini genişləndirməklə, eləcə də enerji sektorunu optimallaşdırmaqla 2050-ci ilə qədər emissiyaların sıfır səviyyəsinə nail olmaqda ölkəyə dəstək verəcək.
“Danışıqlara başlamaq qərarından sonra biz Aİ ilə dialoqumuzun daha da intensiv olacağı yeni mərhələyə qədəm qoyuruq ki, 2027-2028-ci illərdə Rumıniya və Beltsı-Suçava ilə enerji əlaqəsini başa çatdıranda Aİ-nin enerji bazarına inteqrasiya edə bilək”, – Parlikov bildirib.
Moldova Vulkaneştı-Kişineu və Beltsı-Suçava hava elektrik xətlərinin (400 kV) çəkilməsi, eləcə də Straşenıda 400 kV-lik üçüncü şəbəkələrarası xəttin tikintisini davam etdirməyi öhdəsinə götürüb.
Gununsesi.info