
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedir.
Gununsesi.info xəbər verir ki, səfər zamanı iki ölkə arasında investisiya, ticarət, müdafiə, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə kimi 12 sazişin imzalanması gözlənilir.
Görüşlərdə Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlər bütün aspektlər üzrə dəyərləndiriləcək, əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunacaq.
Türkiyə ilə BƏƏ arasında əməkdaşlığı inkişaf etdirmək üçün yeni müqavilələr imzalanacaq, Türkiyəyə 10 milyard dollarlıq sərmayə müzakirə mövzusu olacaq.
Prezident Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərindən əvvəl Dubayda dünyanın ən hündür binası olan Bürc Xəlifənin üzərində Türkiyə bayrağı və türkcə “Xoş gəlmisiniz” mətni proyeksiya edilib. Türkiyənin Dövlət Himni səsləndirilib.
Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərindən əvvəl bu ölkədə nəşr olunan “Khaleej Times” qəzeti üçün məqalə yazıb.
Ərdoğan “Regional Sülh və Əməkdaşlıq Təşəbbüsünün Zamanı” başlıqlı məqaləsində Türkiyə ilə BƏƏ arasında yaxınlaşmanın qarşılıqlı səfərlərlə yeni sürət qazandığına diqqət çəkib. “İki ölkə arasında əməkdaşlıq sahələrinin artmasının bölgəmizə müsbət təsir edəcəyinə inanıram”, – deyə Ərdoğan bildirib. Münasibətlərimizdə yaxınlaşmanın qlobal rəqabətin gücləndiyi bir vaxtda baş verməsi də əlamətdardır. İnanıram ki, Türkiyə və BƏƏ regional sülhə, əməkdaşlığa və rifaha birgə töhfə verə bilərlər. İkitərəfli münasibətləri inkişaf etdirmək səylərimiz qlobal səviyyədə sabitliyin təmin olunmasına da töhfə verəcək. Ərdoğan 2021-ci ildə iki ölkənin ticarət həcminin 8,9 milyard dollar civarında olduğunu və bunu iki dəfə artırmağı hədəflədiklərini vurğulayıb.
Gununsesi.info